Bakının tıxac problemini necə həll etmək olar?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yol qəzalarının sayını 90 faiz azaltmaq mümkündür

 

“Hed Academy” şirkətinin rəhbəri, Almaniyanın Yol Təhlükəsizliyi Komissiyasının üzvü Cankat Hurmoğlu “Report”a müsahibəsində Azərbaycanda yol qəzalarının qarşısının alınması və Bakının tıxac probleminin aradan qaldırılması yollarından danışıb.

Bakının tıxac problemini necə həll etmək olar?

C.Hurmoğlu deyib ki, hazırda Bakıda cəmi 750 min avtomobil var və bu çox böyük rəqəm deyil: “Çünki əhalinin hər 1000 nəfərinə cəmi 250 avtomobil düşür. Almaniyada isə bu rəqəm 675-dir. Yəni 1000 nəfərdən 675-nin maşını var. Belə olan halda necə demək olar ki, Bakıda avtomobil çoxdu?

Bakıda çəkilən yeni yollar dünyanın çox az yerində var və çox genişdi. Belə yollar heç İstanbulda, Almaniyanın əksər şəhərlərində yoxdur. Amma Almaniyanın böyük şəhərlərində Bakıdakı kimi tıxaclar olmur. Tıxacların əsas səbəblərindən biri sürücülərin avtomobili düzgün idarə etməməsidir. Çünki 4 zolaqlı yolda heç vaxt avtomobillər 4 zolaqla getmir. Mən 4 zolaqlı yolda dəfələrlə avtomobillərin 8 zolaqla düzülüb getdiklərinin şahidi olmuşam. Əgər sürücülər yollardakı zolaqların tələblərinə əməl etsələr Bakıda heç zaman tıxac olmaz.

Qəzalar da belə qayda pozuntularından qaynaqlanır. Əgər 4 zolaqlı yolda 8 sıra avtomobil gedirsə, orada qəzanın olmaması mümkün deyil. Bundan başqa, yolların kənarında avtomobil saxlamaq olmaz. Çünki belə olanda yolun yarısı zəbt olunur. Bütün bunlar sonda tıxaca qəzaya səbəb olur”. 

O qeyd edib ki, Bakıda yeni binalar tikiləndə avtomobil dayanacaqları da inşa olunmalıdır: “İnsanlar yeni binalarda mənzil alıb ora köçürlər. Sonra məlum olur ki, binanın parkovkası yoxdur. Ona görə də sürücülər avtomobillərini harada yer tapdılar orada saxlayırlar. Bu da tıxaclara səbəb olur”.

 

Yol qəzalarının sayını 90 faiz azaltmaq mümkündür

Almaniyanın Yol Təhlükəsizliyi Komissiyasının üzvü bildirib ki,avtomobil sürmək, yol hərəkəti qaydalarına əməl etmək bir mədəniyyətdir: “Hər bir ölkənin özünə məxsus mədəniyyəti var. Yol hərəkəti qaydaları da eyni bunun kimidi. İnsanlar yolda gedərkən qaydalara əməl etməyi öyrənməlidirlər. Yəni yalnız qanunları bilmək kifayət etmir, əsas şərt bunu pozmamaqdır. Yolda gedərkən heç kim başqasının haqqını tapdalamamalıdır. Əgər hamı qaydalara əməl etsə, onda Azərbaycanda yol qəzalarının sayını 90 faiz azaltmaq mümkün olar”.

İnsanı qoruyan qaydalar

Onun sözlərinə görə, baş verən qəzalar və aparılan araşdırmalar onu göstərir ki, ölkədə əksəriyyətin yol hərəkəti qaydalarından xəbəri yoxdu: “Heç kim qanunun nə tələb etdiyi ilə maraqlanmır. Hamı yol hərəkəti qaydalarını pozandan sonra bunun necə baş verdiyindən, cəzalandırıldığı maddənin tələblərindən, yol polisinin cəriməni düz yazıb-yazmamasından danışır. Məsələn, sürücü yolun hansısa hissəsində sürət həddinin saatda 50 km. olduğunu görür və əksəriyyət buna əməl də edir. Amma sürətin niyə 50 olduğunu bilmir. Bakıda şəhərin içində avtomobili 60-la sürməyə icazə verilir. Əgər yolun kənarında dayanıb sorğu aparsaq məlum olacaq ki, heç kim sürət həddinin saatda 60 km. hədində müəyyənləşdirlməsinin səbəbini bilmir. Niyə 70-80 deyil 60? Yaxud hamıya məlumdur ki, döngəyə çatanda dönmə nişanını yandırmaq mütləqdi. Səbəbin soruşsan isə əksəriyyət bunu söyləyə bilməyəcək. Bax, əsas məsələ bunları bilməkdi. İnsanlara müəyyən olunan qaydaların səbəblərini, onlara əməl olunmasının vacibliyini, belə olarsa özlərini hansı təhlükələrdən qoruduqlarını izah etməliyik. Yoxsa filan yerdə sürət saatda 60 km. yoxsa 70 km. olmalıdır söhbətləri bitməyəcək.

Azərbaycanda avtomobillə yola çıxan hər kəs başqalarını qaydaları pozmaqda günahlandırır və özünü haqlı sayır. Amma bunu edənlərin əksəriyyəti qanunu, qaydanı bilmir, hansı döngədə necə hərəkət etməkdən, yerdəki xətlərin tələblərindən, sürəti hansı formada artırıb-azaltmaqdan xəbərləri yoxdur”.

Avropada və Azərbaycanda yol qəzaları

C.Hurmoğlu xatırladıb ki, avtomobil icad olunmamışdan əvvəl insanlar atlardan istifadə edirdilər: “Ancaq atlar heç vaxt bir-birlərinə dəymirdilər, çünki bir-birlərini görürdülər, nizamlı hərəkət edirdilər, biri digərinə yol verirdi. İndi insanlar fikirləşirlər ki, avtomobillər də bir-birindən qaçacaq. Amma bu mümkün deyil. İnsan özü təhlükəni görüb qəzanın qarşısını almalıdır. Burada hər şey insandan asılıdır.

Bəzən deyirlər ki, əgər avtomobili 120-dən artıq sürətlə sürmək olmazsa niyə Avropa, ABŞ, Yaponiya zavodları maşınları istehsal edəndə saatda 200-250 km. sürət müəyyənləşdirirlər. Bu düzgün yanaşma deyil. Tutaq ki, zavod avtomobili istehsal edəndə saatda 120 km. sürət müəyyən edib. Şəhərin içində, döngədə avtomobili bu sürətlə sürmək olar?

Azərbaycanda qəzalardan sonra əksər hallarda avtomobillər ya bir neçə dəfə aşır, ya xeyli sürüklənir, ya da yoldan çıxıb harasa çırpılandan sonra dayanır. Lakin Avropada yol qəzası hansı nöqtədə qeydə alınırsa avtomobil də orada dərhal dayanır. Çünki insanlar qəza anında hansısa bir varinatı seçməyə hər zaman hazır olurlar.

Qanunda nəsə yazılırsa, hansısa hərəkətlər qadağan olunursa onun arxasında təcrübədən qaynaqlanan informasiyalar olur. Qaydalar həmin təcrübəyə əsaslanır. Əgər bir insan dəfələrlə qaydaları pozursa və qəza törətmirsə, bu o demək deyil ki, belə də davam edəcək. Qaydaları pozmaq mütləq bir gün qəza ilə nəticələnəcək”.

Çıxış yolu maarifləndirmədə, yoxsa cəzaların sərtləşdirilməsindədi?

Onun fikrincə, bunun ikisi də vacibdi: “Çünki bir insana cərimə yazmaqla ona nəsə öyrətmək mümkün deyil. Sabah gedib cəriməsini ödəyib, yenə də əvvəlki kimi avtomobili idarə edəcək. Həmin sürücü 10 dəqiqə sonra yenə də eyni səhvi təkrar edə bilər. Cəriməni yazanda qaydanı pozan insandan nə istədiyimizi də izah etməliyik.

Azərbaycanda “Yol hərəkəti haqqında” qanun, qaydalar, cərimələr, inzibati həbs cəzası və s. var. Amma yol qəzaları və bu zaman ölənlərin sayı azalmır. Hər il Bakıya 5 min yeni avtomobil gəlir. Bu, potensial olaraq hər il yol qəzalarının, qəzalarda ölən və yaralanan şəxslərin sayının artması deməkdir.

Ona görə də insanları əvvəldən yol hərəkəti qaydalarına əməl etməyə hazırlamaq lazımdır. Burada sürücülük vəsiqəsinin verildiyi mərhələ çox böyük əhəmiyyətə malikdir. Sürücülük məktəbində ciddi təhsil almayan şəxsə sürücülük vəsiqəsi vermək olmaz. Müəllim qadağaların məntiqi izahını verməlidir.

Amma uşaqlara 6-7 yaşlarından etibarən yol hərəkəti qaydaları öyrədilməlidir. İşıqfordan keçəndə uşaqlara izah olunmalıdır ki, qırmızı, sarı, yaşıl nə üçündür? Piyadalar haradan keçməlidir.

Bundan başqa, qanunların məntiqli və düzgün yazılması, həyata keçirilməsi də böyük əhəmiyyət daşıyır. Qaydanı pozana heç bir güzəşt edilməməlidir və dərhal cəzalandırılmalıdır ki, bir də bunu təkrar etməsin. Yol hərəkəti qaydasını pozan sürücüyə güzəşt edilməsi bir qəzaya zəmin yaratmaq deməkdir”.

Sürücü hansı günlər avtomobil idarə etməməlidir?

Ekspert vurğulayıb ki, dünyada sürücülərin müəyyən günlər maşın sürməkdən imtina etməsi təcrübəsi var: “Biz həyata keçirdiyimiz layihələrdə buna da xüsusi yer ayırırıq. İnsanlara deyirik ki, əgər səhər yuxudan oyananda özünü yaxşı hiss eləmirsənsə, həmin gün avtomobillə yola çıxma. Bir gün ictimai nəqliyyatdan istifadə etməklə insana heç nə olmaz. Amma özünü yaxşı hiss etmədiyinə görə diqqətini toplaya bilməyən sürücünün ani bir ehtiyatsızlığı böyük faciələrə səbəb ola bilər. Bəzən sürücülər deyirlər ki, onsuz da xeyli müddətdir ürəyimdə, oynaqlarımda, əzələlərimdə ağrılar ola-ola, özümü yaxşı hiss etmədiyim halda avtomobil idarə edirəm. Amma bu o demək deyil ki, həmin sürücü hər zaman mənzil başına sağ-salamat çatacaq. Bir gün hansısa məqamda dərhal reaksiya verməli olanda buna fiziki və psixoloji gücü çatmayacaq və qəza baş verəcək.

Diabet, yüksək hipertonaiya xəstəliyi olan insanlar avtomobilə əyləşməmişdən əvvəl qanlarındakı şəkəri və təzyiqlərini ölçdürməlidirlər. Bundan başqa, bəzi dərmanlar var və onları qəbul edən şəxslər avtomobil sürməməlidirlər”.