Bakının əksər mərkəzi küçələrində barmaqlıqları oğurlanmış drenaj quyuları təhlükəli vəziyyət yaradıb.
Tribunainfo.az xəbər verir ki, Heydər Əliyev Mərkəzinə yaxın yollarda bir neçə yerdə yağış sularının axıdılması üçün nəzərdə tutulmuş drenaj quyularının üzərindəki dəmir barmaqlıqlar çıxarılıb.
Sosial şəbəkələrdə bununla bağlı fotonu İbrahim Rəcəbli paylaşıb. Yol kənarında yerləşən barmaqlıqların oğurlanması və ya çıxarılması ciddi təhlükə yaradıb — həm piyadalar, həm də avtomobillər üçün.
Drenaj quyularının ağzının açıq qalması piyada ölümlərinə və avtomobil qəzalarına səbəb ola bilər.
Oğurlanan və ya çıxarılan barmaqlıqlar əslində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən bərpa edilməlidir. Sakinlər bu barədə artıq Agentliyə məlumat verdiklərini bildiriblər. Lakin hələlik problem həllini tapmayıb. Məlumata görə, təhlükəli vəziyyət bir neçə gündür davam edir.
Gülşən Rəsul