Bakının bu əraziləri ilə bağlı XƏBƏRDARLIQ: Hər an faciə baş verə bilər

Bakının bu əraziləri ilə bağlı XƏBƏRDARLIQ: Hər an faciə baş verə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə ərazisində sürüşmə sahələrinin dəqiqləşdirilməsi, onların koordinat və sərhədlərinin müəyyənləşdirilməsi məqsədilə 2024-cü ildən aparılan genişmiqyaslı tədqiqat işləri artıq yekunlaşıb.

Bu barədə Milli Geoloji Kəşfiyyat Agentliyinin rəisi Əli Əliyev məlumat verib. Qurum rəhbərinin sözlərinə görə, aparılan araşdırmalar nəticəsində ümumilikdə 146 lokal sürüşmə sahəsi bütün parametrlər üzrə dəqiqləşdirilərək xəritələnib. Hazırda həmin məlumatların normativ-hüquqi sənədləşməsi və dövlət orqanlarında təsdiqi prosesi davam edir.

Əli Əliyev bildirib ki, aktiv sürüşmə zonaları yalnız bölgələrdə deyil, Bakı şəhəri və Abşeron yarımadasında da müşahidə olunur. Paytaxtın bəzi ərazilərində proseslər dinamik xarakter daşıyır və bu da tikinti, infrastruktur və yaşayış obyektlərinə risk yaradır.

Maraqlıdır, Bakıda və Abşeronda, eyni zamanda digər rayonlarımızda aktiv sürüşmə zonları təhlükə daşıyırmı?

Tribunainfo.az xəbər verir ki, məsələ ilə bağlı Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov News24.az-a açıqlamasında bildirib ki, Azərbaycanda sürüşmə problemi hər zaman aktual olub və bu gün də öz aktuallığını qoruyur:

“İlin yağıntılı dövrünün başlanması ilə əlaqədar olaraq həm Abşeron-Bakı ərazisində, həm də rayonlarda, xüsusilə dağlıq ərazilərdə sürüşmələrin xeyli fəallaşdığını müşahidə edirik. Bakıda belə sahələr var və aktivdir. Bəzi yerlərdə, xüsusilə Təzə və Köhnə Günəşli, Zığ kimi ərazilərdə ciddi çökmələr baş verir. Lazımi qurumlar asfaltda yaranan çatları və çökmələri aradan qaldırsa da, bu problemin köklü həlli deyil. Buna görə də, ciddi bir sürüşmə təhlükəsinin baş verməsi qaçınılmazdır”.

AMEA rəsmisinin sözlərinə görə, Masazır, Bayıl yamacı və Badamdar kimi ərazilərdə kifayət qədər sürüşmə və uçqun təhlükəsi mövcuddur. Dövlət qurumları müəyyən işlər aparsa da, bu zonalar daim nəzarətdə saxlanılmalı və tez-tez monitorinqlər həyata keçirilməlidir. Mirnuh İsmayılov əlavə edib ki, son zamanlar Cənubi Qafqazın şimal-şərq yamaclarında – Quba, Qusar, Şabran rayonları ərazisində də sürüşmələr fəallaşıb:

“Son araşdırmalarımız göstərdi ki, yollarda çökmə təhlükəsi var. Quba-Xınalıq istiqamətində 15-dən çox aktiv sürüşmə zonası mövcuddur. Qusar rayonunda isə Laza ərazisi ən aktiv sürüşmə zonası kimi qeyd olunur. Orada müşahidələr aparmışıq və nəticəmizə əsasən, təhlükənin qarşısını almaq üçün tədbirlər görülməlidir”.