Bakı şəhərinin sakinləri, Azərbaycan ictimaiyyətinin nümayəndələri Rusiya Müdafiə Nazirliyinə məxsus Tu-154 təyyarəsinin Soçidən Suriyaya uçarkən qəzaya uğramasıyla əlaqədar başsağlığı əlaməti olaraq Rusiya səfirliyinə gül dəstələri gətirir.

Report xəbər verir ki, Azərbaycandakı rus icmasının rəhbəri Mixail Zabelin icma üzvləri ilə birlikdə səfirliyin önünə gül dəstəsi qoyub. Eyni zamanda Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev də səfirliyin qarşısına gül dəstəsi qoyub.
Əvvəlcədən məlumat verildiyi kimi, Rusiyada matəm elan olunmasıyla əlaqədar Rusiyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib.
Xatırladaq ki, dünən səhər saatlarında Suriyaya istiqamət alan Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi Qara dənizin üzərindən uçarkən qəzaya uğrayıb. Nazirliyin məlumatına görə, təyyarənin göyərtəsində 92 nəfər – 8 ekipaj üzvü və 84 sərnişin olub. Sərnişinlər arasında 8 hərbçi, Aleksandrov adına hərbi ansamblın 64 artisti, Rusiya telekanallarının 9 əməkdaşı, “Ədalətli yardım” xeyriyyə fondunun rəhbəri Yelizaveta Qlinka və iki federal məmur olub. Qəza ilə bağlı cinayət işi başlanılıb.