Yeni tədris ilinə çox az müddət qalıb. Bu baxımdan tələbələrin mənzil problemi də aktuallaşıb.
Yeni tədris ilinə çox az müddət qalıb. Bu baxımdan tələbələrin mənzil problemi də aktuallaşıb. Məlumdur ki, ali təhsil müəssisələrinə qəbul olunanlar arasında regionlarda yaşayan gənclərin sayı kifayət qədərdir. Rayonlardan gələn tələbələrin əksəriyyətinin kirayədə qalmağa maddi imkanı olmur. Amma çətinlik ondadır ki. yataqxanalar da çatışmır.
Maraqlıdır, hansı ali təhsil müəssisələri öz tələbələrini yataqxana ilə təmin edə biləcək?
Modern.az saytı bu sualla bir neçə ali təhsil müəssisələrinə müraciət edib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur İbrahimli:
“Azərbaycan Dövlət Pedaqoji Universitetinin beş tələbə yataqxanası var. Onun dördündə erməni işğalı nəticəsində öz torpaqlarından didərgin düşmüş məcburi köçkünlər məskunlaşıb. Bu səbəbdən tələbələrimizi ora yerləşdirə bilmirik. Yalnız 2 nömrəli tədris binasında fəaliyyət göstərən yataqxanada təxminən 200-ə qədər tələbə yerlə təmin edilə bilər. Yerləşdirmə zamanı daha çox aztəminatlı, şəhid və məcburi köçkün ailələrinin övladlarına üstünlük verilir”.
Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidməti:
“Hazırda bir yataqxanamız mövcuddur. Burada təxminən 90 tələbə yerləşdirmişik. Eyni zamanda, həmin binada 12 məcburi köçkün ailəsi məskunlaşıb. Lakin indi yataqxanada yer yoxdur. Bu səbəbdən tələbələrimizi yerləşdirə bilmək üçün qonşu universitetlərin yataqxanalarına müraciət edirik. Planda yeni yataqxananın inşası nəzərdə tutulur və bununla bağlı danışıqlar gedir”.
Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat katibi Ağa Cəfərli:
“ADU-nun oğlan və qızlar üçün ayrıca iki yataqxanası var. Oğlanlar üçün yataqxanada məcburi köçkünlər məskunlaşıb. Qızlar üçün yataqxananın iki blokunda da köçkünlər yaşayır, iki blok isə tələbə qızların ixtiyarına verilib və tam təmirlidir. Burada 200 tələbənin qalması üçün bütün imkanlar var. ADU-da yuxarı kursda təhsil alan tələbələr istənilən vaxt yataqxanada qalmaq üçün müraciət edə bilərlər. Ali təhsil müəssisəsinə yeni qəbul olunan qızlar isə qeydiyyatdan keçdikdən sonra ərizə ilə rəhbərliyə müraciət etməlidirlər.
Eyni zamanda, yaşayış yerindən və ailə tərkibi haqqında arayış da təqdim edilməlidir. Yataqxanada qalan tələbələr üçün aylıq ödəniş 20 manatdır. Ancaq hər bir tələbənin yataqxanada qalması 75 manata başa gəlir. Bunun 55 manatını universitet öz üzərinə götürüb, 20 manat isə tələbələr tərəfindən ödənilir. Yataqxanadakı mənzillər 2-3 otaqlıdır. Hər otaqda bir nəfərin qalmasına icazə verilir. Rektor Kamal Abdullanın təşəbbüsü və göstərişi ilə hazırda qızlar üçün yataqxanada gözəl bir kitabxana tikilir”.
Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidməti:
“Universitetin 2 və 3 saylı yataqxanaları qızlar üçün, 1 və 6 saylı yataqxanaları oğlanlar üçün, 5 saylı yataqxana isə bütövlükdə xarici tələbələr üçün nəzərdə tutulub. Yəni 5 yataqxanamız tələbələrin istifadəsindədir. Bir yataqxanada isə köçkünlər məskunlaşıb.
Yataqxanamızın 1200 nəfərə yaxın tutumu var. Hazırda yataqxanaya tələbələrin yerləşdirilməsi prosesi gedir. 110 nəfərə yaxın I kurs tələbəsi, 30 nəfər civarında yuxarı kurs tələbələrinə yer vermişik, eyni zamanda hardasa 1000 nəfərə yaxın köhnə tələbələrimiz yataqxana ilə təmin olunub. Hər gün üç-beş nəfər tələbə yataqxana üçün müraciət edir. Düşünürük ki, Azərbaycan Tibb Universitetinin tələbələri yataqxanada yerləşdirmə problemi yoxdur və onları yataqxana ilə təmin etmək imkanımız var. Ola bilər, xarici tələbələrdə müəyyən çətinliklər yaransın. Lakin onları da imkan daxilində yataqxana ilə təmin edirik. Qeyd edim ki, yataqxana bütün tələbələr üçün ödənişli deyil. IV, V, VI kurs tələbələri pulsuz qalırlar. Yataqxanadakı otaqların şərait və tutumundan asılı olaraq qiymətləri dəyişir”.
Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev:
“Azərbaycan Texniki Universitetinin yataqxana kompleksi mövcuddur. Vaxtilə Azərbaycandakı ali təhsil müəssisələri içində ən böyük yataqxana kompleksi Texniki Universitetdə olub. Yataqxana 6 korpusdan ibarətdir. Amma hazırda yataqxananın 5 korpusunda məcburi köçkünlər yaşayır. Yalnız bir korpusun üç mərtəbəsindən tələbələr üçün istifadə edə bilirik. Tələbələrin istifadə etdiyi yataqxana korpusunun birinci və ikinci mərtəbəsində məcburi köçkünlər üçün orta məktəb fəaliyyət göstərir. Üç mərtəbədə 220 tələbə yerləşdirə bilirik. Onlar universitetin Tələbə Həmkarlar İttifaqı tərəfindən müəyyən edilən sosial vəziyyəti zəif, kirayədə qalmağa imkanı olmayan tələbələrdir.
Təbii ki, hazırda tələbələr yataqxanada qalmaq üçün müraciət edirlər. Lakin qeyd etdiyim kimi, yataqxanada məcburi köçkünlər yaşadığına görə tələbələri yerləşdirə bilmirik”.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) ictimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Bəhruz Nəzərov:
“Universitetin 7 binadan ibarət yataqxanası var idi. Onun altısı sökülüb, biri qalıb. Bir yataqxana 320 nəfərlikdir. Bu yataqxanada 4 otağın aylıq qiyməti 35 manatdır. Əsasən əcnəbi tələbələr müraciət edirlər. Hazırda 1000 nəfərlik böyük və müasir standartlara cavab verən yataqxana inşa olunur. 2018-ci ilin sentyabrın 15-də istismara veriləcək”.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) mətbuat xidməti:
“Universitetin 5 yataqxanası olsa da, hamısında məcburi köçkünlər məskunlaşıb və buna görə də tələbələrə yataqxana xidməti təklif edə bilmirik”.