Son günlər Bakıda tıxac geniş vüsət alıb. Buna görə də vətəndaşlar çox əziyyət çəkir.
Tribunainfo.az-a açıqlama verən deputat Fazil Mustafa bu problemlərin nə vaxta qədər davam edəcəyindən, Formula 1 və Cop29-un ölkəmizə nə kimi faydası olacağından danışdı.
Onun sözlərinə görə, “təbii ki, Formula 1-də, Cop29-da faydası var. Ölkəmizin imici baxımından Formula 1 böyük idman yarışıdır. Cop29 isə iqlim dəyişməsi ilə bağlı dünyanın bütün diqqətinin yönəldiyi bir məkana çevrilib”.
Deputatın fikrincə, bunlar Azərbaycan üçün müsbətdir.
“Amma bununla yanaşı vətəndaşların da müəyyən dərəcədə vəziyyətini düşünməliyik. Çünki, Cop29 bir dəfə baş verən hadisədir. Müəyyən məhdudiyyətlərə insanlar normal yanaşırlar. Amma Formula 1-lə bağlı şəhərin mərkəzində dümək olar ki, bir ay bütün nəqliyyatın iflic vəziyyətdə olması, tıxacların fəlakətli səviyyəyə çatması haqlı olaraq insanlarda narazılıq yaradır. Hər halda bunları düşünmək lazımdır. Növbəti Formula 1 yarışlarında məsələn Qarabağ məkanını daha çox tanıtma fürsəti kimi istifadə edə bilərik. Niyə Xankəndidə keçirilməsin? Qarabağda keçirmək imkanımız olduğu halda yəni biz bundan da istifadə edə bilərik. Məncə gələckdə bunun formatına baxmaq lazımdır. Çünki bu Bakı şəhərində demək olar ki, bu ətrafda olan mağazaların çalışmasında böyük problem yaradır. İnsanların iş yerlərinə çatması böyük problem olur. İndi məktəblər başlayır. Müəyyən çətinliklərlə qarşılaşacaqlar. Məktəblərin qarşısı fəlakətli vəziyyətdə dolu olacaq. İnsanlar hərəkət edə bilməyəcək. Bunlar hamısı nəzərə alınmalıdır. Amma bütün bunlara baxmayaraq hesab edirəm ki, bu tədbirlər ölkəmizin tanınması üçün vacibdir. Tədbirdən söhbət getmir, daha çox tədbirlərin keçirilmə formatından söhbət gedir. Məncə gələcəkdə bunu Gəncə yaxud da Sumqayıt, Xankəndi kimi şəhərlərdə olması daha faydalı olar. Həm də tanıtım baxımdan bölgələrin də inkişafına kömək edər”.