Müşfiq Mədətov ona hücum edilmədiyini və şikayətçi olmadığını dedi
Müşfiq Mədətov ona hücum edilmədiyini və şikayətçi olmadığını dedi; Hafkanın da adı qarışan cinayətin təfərrüatları
Oktyabrın 14-də keçmiş polis rəisi Müşfiq Mədətova qarşı şəhərin mərkəzində gündüz vaxtı edilən silahlı hücum çoxsaylı suallar yaradıb.
“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, insidentə səbəb söyüş olub. Belə ki, iki-üç gün əvvəl cinayətdə adı hallanan şəxslər Müşfiq Mədətovla bir məclisdə olublar. Həmin məclisdə onlarla Mədətov arasında münaqişə baş verib. Daha sonra tərəflər görüşmək qərarına gəliblər. Görüş zamanı qarşı tərəf bıçağın tiyəsi ilə Müşfiqin başına 3-4 dəfə zərbə vurub.
Faktı üzrə Səbayel Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.
Oktyabrın 15-də saat 04.00 radələrində isə həmin cinayət işi üzrə hadisəni törətmiş şəxslərin müəyyən edilməsi istiqamətində Səbayel RPİ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri zamanı Bakı şəhəri, Nizami rayonu ərazisində “Leksus” markalı 90-LT-997 dövlət nömrə nişanlı avtomaşında olan şəxslər üzərlərində olan odlu silahlardan əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşlarına atəş açıb. Nəticədə Səbayel RPİ-nin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Axundzadə Orxan Abdulla oğlu xəsarət alıb. Bakı Şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinənlər – 1992-ci il təvəllüdlü Abbasov Kazım Tapdıq oğlu, əvvəllər məhkum olunmuşlar – 1982-ci il təvəllüdlü İsmayılov Məhəmməd Həsən oğlu və 1976-cı il təvəllüdlü Həsənov Emin Vaqif oğlu olması müəyyən edilib. Onlar Cinayət Məcəlləsinin 221.2.1, 221.3, 29, 120.2.3 və 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.
“Qafqazinfo”ya açıqlama verən M.Mədətov deyib ki, bıçaqlanması ilə bağlı yayılan xəbərlər yalandır:
“Tamamilə yalan xəbərdir. Əgər bıçaqlansaydım 3 gün polis idarəsində saxlanılmazdım. Məni idarədə qanunsuz olaraq saxladılar. Adı silahlı insidentə qarışan həmin şəxsləri isə heç vaxt tanımamışam. Heç kimdən şikayətçi deyiləm. Münaqişənin söyüş üstündə baş verməsi yalan xəbərdir”.
Rəis müavininə atəş açanlar – Kazım Abbasov, Məhəmməd İsmayılov və Emin Həsənov ifadələrində bildiriblər ki, polisləri Müşfiqin adamları zənn ediblər:
“Əgər polis olduqlarını bilsəydik atəş açmazdıq. O zaman ancaq xuliqanlıq maddəsi ilə dindiriləcəkdik, uzağı 1000 manatla buraxıla bilərdik”.
Qeyd edək ki, Orxan Axundzadəni güllələyən şəxslərin olduğu 90-LT-997 dövlət nömrə nişanlı “Lexus” markalı maşın Hafiz Məmmədovun ortağı Azad Abdullayevin oğlu Rüfətə məxsusdur. Maşını etibarnamə ilə idarə edən Emin Həsənov isə “Transgeyt” nəqliyyat şirkətinin sabiq prezidenti Elnur Həsənovun qardaşıdır.
Saxlanılanlar iş adamı “Hafka”nın mühafizəçiləri olublar, lakin hazırda onunla çalışmırlar.
Ovqat.com saytı yazır ki, polis idarəsində bir müddət saxlandıqdan sonra azadlığa buraxılan Müşfiq Mədətov “Hafka”nı söymədiyini deyib: “Amma artıq o, bu namərdliyi etməklə söyüşə haqq qazandı. Biz öz yoldaşlarımızla oturub istirahət etdiyimiz zaman üstümüzə qəfil hücuma keçmək kişilikdən deyil. Söyüşü qəbul etməyən oğlan bu addımı da atmamalıydı. İndi isə müxtəlif adamları vasitəsilə mənə yalvarır”.
Hafiz Məmmədov isə saxlanılması barədə xəbərləri təkzib edib. Biznesmen virtualaz.org-un müxbirinə deyib: “Mən bütün bu məlumatları və uydurmaları qəti surətdə təkzib edirəm. Mən saxlanılmamışam, öz evimdəyəm və yayılan yazılarda haqqında bəhs olunan şəxsləri tanımıram”.
“Yeni Müsavat”a danışan adının çəkilməsini istəməyən mənbə bildirib ki, əslində Mədətovla “Hafka” və “Quska” (Hüseyn Abdullayev) arasında gərginlik Müşfiq Mədətovun həbsindən sonra daha da artıb: “Onu deyim ki, ”Hafka” və Naxçıvandan gələn digərlərini elə Müşfiq irəli çəkib. Onlar Mədətova sığınmışdılar. Hələ “Hafka”nın heç nəyi olmayanda Müşfiq onlara “krışalıq” edirdi. Sadəcə olaraq, Mədətovun problemi odur ki, o, çox emosional insandır. Gəncliyində daha da emosional olub. Müxtəlif adamlara silah belə çəkib. Rəis işləyən zaman da şuluqluq edirdi. Sonra məlum oldu ki, bu şəxs cavanlığında da sakit olmayıb. Hətta cavan vaxtı Naxçıvanda bir nəfərin oğlunu bıçaqlayıb, axtarışa verilib. Ancaq buna baxmayaraq, bəzi yüksək keyfiyyətlərinə görə onu polis rəisi qoydular. Müşfiq kimsənin sözünü götürən oğlan olmayıb. Ona görə də konfliktlərə çəkilib. Naxçıvanın Düdəngə və Şəhriyar kəndlərinin uşaqları da böyük bir dəstə formasında Müşfiqin ətrafında cəmlənmişdilər. Onlar da bir az kriminal uşaqlar idilər. Müşfiq Mədətov dustaq həyatı keçirəndə həmin uşaqlar ona xeyli dəstək oldular. Mədətov kolona düşəndən sonra Hafiz Məmmədov, Hüseyn Abdullayev və digərləri varlandılar. Ancaq ona dəstək olmadılar və bu da pis vəziyyətdə qaldı. Həbsdən çıxandan sonra görünür, aralarında konflikt başladı. Kimsə nahaq iş görürsə, Müşfiq sakit durmaz, tapdalayar keçər”.
Mənbə bildirir ki, “Hafka”nın ona yalvarması faktı mümkündür: “”Hafka” Ziya Məmmədovla şərik idi. Ola bilər ki, bu işdə onun da əli olsun. Bəlli olduğu kimi, “Hafka” ilə Ziya Məmmədov bir neçə istiqamətdə biznes qururdular. İndi “Hafka” bilir ki, Müşfiq emosional adamdır və hər bir addımı ata bilər. Buna görə də əgər hadisədə onun da əli varsa, Mədətova hansısa xəbər göndərib yalvara bilər”.
TİA.AZ