backend

Bakıdakı erməni jurnalist: “Sərkisyan ruhi xəstədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ Bakıda fəaliyyət göstərən erməni əsilli jurnalist Suzan Caginyanın “Yeni Müsavat”a müsahibəsini təqdim edir: 

TİA.AZ Bakıda fəaliyyət göstərən erməni əsilli jurnalist Suzan Caginyanın “Yeni Müsavat”a müsahibəsini təqdim edir:

S.Caginyanla müsahibəni sizə təqdim edirik. Müsahibimiz öncə Bakıya gəliş hekayəsindən danışdı.

– Mən 8-10 noyabr tarixlərində Bakıda keçirilən sülh konfransında iştirak etmək üçün dəvət aldım. Daha öncə bir neçə dəfə də Ermənistandan çıxmağa cəhd etmişdim, amma alınmamışdı. Məhkəmənin əlində mənim ölümümlə bağlı qərar var idi. Orda mənim pasportla bağlı problemlərim vardı. Dəfələrlə ölkə prokurorluğuna, polis orqanlarına, eləcə də məhkəməyə müraciətlərim nəticəsiz qaldı. Mən bu barədə qərarın ləğvini tələb etmişdim.

– Maraqlıdır, hansı səbəblərdən və necə siz birdən-birə sənədlərdə ölü olaraq qeydiyyata keçdiniz?

– Məhkəmə belə qərar çıxardı ki, mənim vətəndaş kimi işləmək, hərəkət etmək hüquqlarım məhdudlaşsın. Bu, mənə qarşı hakimiyyətin özünəməxsus təzyiq üsulu idi.

– Həmin vaxta qədər sizin Ermənistan iqtidarı ilə nə kimi problemləriniz var idi?

– Mənim hakimiyyətlə hər zaman problemim olub. Onlar hər zaman bilirdilər ki, mən onlara qarşı necə yanaşıram. Mənim prinsipiallığıma, iqtidarın ölkədə etdiyi qanunsuzluqlara, özbaşınalıqlara kəskin münasibətimə bələd idilər. Bu, praktiki olaraq, son 25 ildə mənim dəyişməyən münasibətimdir. Mənim bu hökumətdən ilk toqquşduğum adam Levon ter Petrosyan idi. Bu, 1996-cı ildə olmuşdu. Bəlkə də kənardan baxanda düşünmək olar ki, mən kim, o kim? Mən sıradan bir seçici, o isə prezidentliyə namizəd. Mən onun üzünə dedim ki, vətənimdə nələr törədildiyindən xəbərim var və bunları bir-bir sadaladım. Situasiya elə gətirdi ki, mən öz ürək sözlərimi Serj Sərkisyanın da üzünə deyə bildim. Bunun davamında isə bir qisasçılıq gəldi. İşə düzəlmək mümkün deyildi. Amma mənim aldığım ali təhsil imkan verirdi ki, özəl işlər görüb, öz yaşayışımı təmin edim.

– Nə işlə məşğul olurduz?

– Diplom işləri, məqalələr, lisenziyalar, referatlar yazırdım. Evdə işləyirdim.

– Bəs aktiv jurnalistika ilə nə zaman məşğul olmusuz?

– Aktiv deməzdim. Amma mən bir müddət ştatdankənar müxbir kimi çalışmışam. Bu da tələbəlik illərimə təsadüf edirdi.

– Söhbət o qədər fərqli məcralara getdi ki, Azərbaycana gəliş hekayənizi tam danışa bilmədiz.

– Bəli, az öncə də dediyim kimi, sənədləşmə ilə bağlı bu cür problemlər var idi. Həmin tədbirə dəvət gəldiyi zaman çalışdım ki, hansısa yolla öz pasport problemimi həll edim. Bir şeyi də deyim ki, məhkəmə guya mənim ölməyimlə bağlı qərarı da pasportum qanuni qüvvədə olduğu zaman çıxarmışdı. Bu, absurdun absurdu idi. Bunu ancaq qorxulu yuxularda uydurmaq olardı. Amma onlar mənim problemimi həll etmədilər.

Bilirsiz, Ermənistan o qədər balaca ölkədir ki, orada hər bir insanın yerini asanlıqla tapmaq olar. Məsələn, mən heç bir dövlət qurumunun yardımı olmadan istənilən şəxsin yerini tapa bilərəm. Müvafiq qurumlar da mənim harda yaşadığımı, harda olduğumu bilirdilər. Odur ki, problemlər yarandı və mən də sərhədi keçmək məcburiyyətində qaldım. Öz işlərimlə bağlı. Axı mənim hüququm var ki, öz işlərimə görə harasa gedim, gəlim. Ölkədən çıxışıma qəsdən maneələr yaradırdılar. Çünki bilirdilər ki, mənim hər bir sözüm arqumentləşdirilib, hər bir hərəkətim də əsaslandırılıb. Ona görə də mənim nəsə bir addım atacağım, iqtidar əleyhinə hansısa bir fəaliyyətlə məşğul olacağımla bağlı narahatlıq vardı. Ölkə daxilində bunu etmək demək olar ki, mümkün deyildi. Çünki əgər bu fəaliyyətlə bağlı ən kiçik addımları atmağa başlasan, yumşaq desək, sənə “iş tikirlər”. Sən dərhal istintaqa, məhkəməyə cəlb edilirsən və sair. Hətta sizə daha artığını deyim. Mənə bir il şərti iş də verib Ermənistan hakimiyyəti. Guya mən terror aktı ilə bağlı yalançı şahid ifadəsi vermişəm. Onlar hardan bilirdilər ki, mən bu ifadəni yalandan vermişəm? Düşündülər ki, bununla məni susduracaqlar.

– Nəyə görə ikinci ölkə olaraq Azərbaycanı seçdiniz? Bir erməni olaraq sizin başqa alternativləriniz də ola bilərdi – məsələn, Rusiya….

– Xeyr, mənim heç bir alternativim yox idi. Mənə şəxsiyyətimi təsdiqləyən heç bir sənəd vermirdilər. Mən bu barədə məhkəməyə də müraciət etmişdim, amma bir faydası olmadı. Bu yaxınlarda Ermənistan “OVİR”-in bir səlahiyyətli nümayəndəsi demişdi ki, guya problemin həlli üçün mənim məhkəməyə müraciət etməm yetərlidir. Cənablar, mən sizə deyirəm, mən məhkəməyə müraciət etmişəm, özü də iki dəfə.

Hər ikisində mənə rədd cavabı verilib. Özünüzün yalan, şantaj dolu bəyanatlarınızla məni çirkləndirməyə çalışmayın. Ermənistanda yaşayaraq, müharibənin niyə və kim tərəfindən, niyə başladıldığını bilərək, puzlın bütün hissələrini bir araya gətirərək anladım ki, oturub Serjik Sərkisyanın bütün Ermənistan xalqını məhv etməsini gözləyə bilmərəm. Kimisə ölkənin daxilində, bir başqasını ölkənin xaricində…

Bununla nəsə etmək lazımdır. Mən anladım ki, Serj Sərkisyan hakimiyyətinin əsas dayaq nöqtəsi Qarabağ münaqişəsidir. Bu münaqişə olmadan o, bir gün belə Ermənistan hakimiyyətinin başında otura bilməzdi. Bu, onu qidalandıran, ona həm öz ölkəsində, həm də xarici qüvvələrlə münasibətlərdə manipulyasiya imkanı verən faktordur. Söhbət ondan getmir ki, mən Bakıya gəlməklə özümə ən sərfəli variantını seçirdim. Xeyr, and içirəm ki, yox. Mən ağlı, təhsili, qabiliyyəti olan qadınam və bu keyfiyyətlər mənə öz taleyimi başqa yöndə də qurmağa imkan verərdi. Amma mənim bura gəlişim heç də hansısa şəxsi problemlərimin həllinə hesablanmayıb. Necə ki, hazırda Ermənistan hakimiyyəti mənim addımımı cəmiyyətə məhz bu cür qələmə verməyə çalışır. Onlar cəmiyyətə mesaj verməyə çalışırlar ki, guya mən Bakıya gəlməklə öz xırda problemlərimi həll etməyə gəlmişəm. Xeyr, cənablar! Mən sizin (Ermənistan hakimiyyətini nəzərdə tutur-müəl.) problemlərinizi həll edəcəyəm.

– Müstəqil jurnalist olaraq bu problemi necə həll etməyi planlaşdırırsız?

– Mənim Bakıda qatıldığım konfrans təkcə mənim şəxsi taleyimdə yox, Qarabağ probleminin taleyində də böyük rol oynadı. Məhz bu konfransda biz dünya üçün Azərbaycanla Ermənistan arasında sülh platforması yaratmağa qərar verdik. Bu, artıq dünya miqyasında Qarabağ probleminin həlli ilə bağlı strukturun yaradılması deməkdir. Artıq bu istiqamətdə hansısa rıçaqlar yaranmağa başlayıb. Bizim regionda sülhün yaranması məqsədilə əməli addımlar atılır.

– Azərbaycana gəlişinizdən öncə də ölkəmiz, millətimiz barədə müəyyən fikir və qənaətləriniz yəqin ki, var idi. Bunlar gəlişinizdən, Azərbaycanda yaşantınızdan sonra dəyişdimi?

– Əsla dəyişmədi. Elə insanlardan deyiləm ki, məni Ermənistan iqtidarının saxta, ura patriotluq şüarları ilə zombiləşdirmək mümkün olsun. Mənim 22 yaşım yoxdur ki. Bu günə qədər çoxlu sayda azərbaycanlı dostum olub və Azərbaycan mentalitetinin nə demək olduğunu bilirəm. Mənim illərim mənim baqajımdır deyə bilərəm.

– Ermənistan hakimiyyəti Azərbaycanı, azərbaycanlıları millətinizə necə təqdim etməyə çalışır?

– İlk növbədə qatı düşmən kimi. Və əgər düşmən azərbaycanlıların əlinə düşsə, onunla necə davrana bilərlər… Bu məsələdə də reallıqdan uzaq fikirlər aşılamağa çalışırlar. Əslindəsə bu, xalqı idarəetmə, özünə tabe etmənin ən ucuz yoludur. Onlar xalqın ən dəyərli hissləri ilə oynayaraq onu talan etməyi məqsəd güdürlər. Və bununla da məhz bu xalqı ölümə göndərməyi hədəfləyirlər. Mən anlaya bilmirəm ki, insanın – ona insan da demək mümkün deyil (S.Sərkisyanı nəzərdə tutur-müəl.) ruhu necə xudpəsəndlik, riyakarlıqla dolu olmalıdır ki, iqtidarda qalmaq üçün xalqının ən ülvi hissləri ilə oynasın.

– Bəs Azərbaycanda sizə qarşı münasibət necədir? Yaxın və bir qədər uzaq çevrənizdə, insanlar arasında…

– Çox gözəl. Mən əsla diferensiasiya hiss etmirəm. Hətta aşırı diqqət və qayğı ilə əhatə olunduğumu deyə bilərəm. Hətta mənim burda bir kolleqam var, günorta saat 12.30 olan kimi məndən acıb-acmadığımı soruşur. “Bəlkə bir az tez yeyək”, “Səni nəsə narahat edirsə, həll edək”… Bütün günüm həmkarlarımın qayğılı sözləri əhatəsində keçir, şişirtmirəm, gerçəyi deyirəm.

– Qonşularınız? Onlardan da eyni diqqəti görürsüzmü?

– Düzünü deyim ki, qonşularla xüsusi münasibətim yoxdur. Çünki vaxtım olmur. Evə işdən sonra, axşamlar gəlirəm. Ondan sonra da vaxt qalır ancaq yatmağa, sonra yenə iş, yenə iş.

– Sizin mühafizənizlə konkret məşğul olan şəxs var?

– Mən ona cangüdən, mühafizəçi deməzdim. Amma məni Azərbaycan həyatı ilə tanış edən, məni hər yerdə müşayiət edən biri var. Məsələn, mən mağazaya tək gedə bilmərəm ki. Gərək kimsə məni tanış etsin.

– Bakı ilə tanış etdilər sizi. Təəssüratlarınız necədir?

– Mənim şəhəri tanımaq, burda gəzmək üçün 15-20 gün vaxtım oldu, sonradan işə çıxdım. Qız Qalasını gördüm, şəhərin mərkəzini, Bakı Bulvarını gəzdim. Hər yer necə təmiz və gözəldir. Kitabxanaya çevrilmiş erməni kilsəsində oldum. Orda erməni əlyazmaları, ədəbiyyatları necə səliqə ilə saxlanılır, ona şahid oldum. Təəssüratlarım yüksəkdir.

– Bəs azərbaycanlılarla ermənilərin həyat tərzini, yaşam standartlarını müqayisə edə bilərsiz? Fərq nədədir?

– Müşahidələrimə əsasən deyə bilərəm ki, Ermənistanda hər kəs yüksək əsəb gərginliyində yaşayır. Bunu bir qram belə şişirtmirəm. Bütün xalqın əhvalı budur. Çünki küçədə gördüyün, qısacıq ünsiyyətdə olduğun hər insandan bu gərginlik yağır. Hətta hakimiyyətdən qidalananlar, özü də yaxşı qidalananlar da fərqindədilər ki, total yalanın, gərginliyin, təhqirliyin içərisində yaşamaq mümkün deyil. Hər nə qədər maddi güzəran insanın yaşaması üçün vacibdirsə, mənəvi durum, ruh sakitliyi ondan da vacibdir. Bu durumu Azərbaycandakı ilə müqayisə etmək istəmirəm.

Çünki müşahidələrim yetərli deyil, xalq arasında olmamışam. Amma hazırda ətrafımda olan insanları müşahidə edib, deyə bilərəm ki, burda o dəhşətli qayğılar, yüklənmə, gərginlik yoxdur. Bəli, indi hamıya çətindir, dünyada qlobal böhran var. Ermənistandakı kimi yüksək gərginliksə burda yoxdur. Axı Ermənistanda təkcə maddi böhran deyil. İnsanların öz həyatına, gələcəyinə inamı yoxdur, sabah onları vurub öldürə bilərlər və heç kəs üçün bunun önəmi olmaz.

Mən Ermənistan hakimiyyətini anlamıram. Onlar Türkiyəyə erməni genosidi ilə bağlı etiraz edirlər. Halbuki özləri öz xalqımıza qarşı bunu daha “yüksək səviyyədə” icra ediblər. 2008-ci ilin 1-2 mart tarixində mənim hakimiyyətim etiraz edən insanlara, içində də mən, güllə atdı. Rəsmi məlumatlarda guya 12-13 nəfərin qətlə yetirildiyini desələr də, qurbanların 130 nəfərdən çox olduğu da deyilir. Mən dəqiq rəqəm deyə bilmərəm, amma yüz faiz 12-13 nəfər deyildi. Mənim gözlərim 50-dən çox adamın ölümünü şəxsən görmüşdü. Mən şəxsən genosidi yaşamışam. Onda bunlar hansı haqla Türkiyə qarşısında genosid iddiası qaldırırlar? Məntiq nədir?

– Sizin addımlarınızı təkrarlayacaq ermənilər varmı ölkənizdə?

– Artıq gələn var və gələ də bilərlər. Niyə də yox? Mən seçilmiş deyiləm ki. Mənim kimi çox adam yolunu burdan sala bilər. Hazırda bizim Bakıda (!-red.) Sergey Cularqyan var.

– Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ konfliktinin həll yolunu necə görürsüz?

– Mənim bu suala bir cavabım var. Nə qədər ki, Serj Sərkisyan hakimiyyətdədir, bu problemin həll yolu yoxdur. O, hakimiyyətdə olduqca münaqişə daha da dərinləşəcək, daha da uzanacaq. Çünki Qarabağ münaqişəsi onun çörəyidir, o, bununla qidalanır. O, qeyri-adekvatdır, psixoloji xəstədir. Onunla bir dəfə üzbəüz dayanmaq kifayətdir ki, bu problemləri hiss edəsən. Bu adam bir çox psixoloji xəstəliklərdən, eləcə də özündən razılıq xəstəliyindən əziyyət çəkir.

Adi bir vətəndaş yaxınlaşıb ondan soruşur ki, cənab prezident, niyə seçkiöncəsi sizi görmək, sizə öz problemlərimizi demək bu qədər qeyri-mümkündür? Onda dərhal özündənrazı üz ifadəsi yaranır və deyir ki, “bəs siz nə fikirləşirdiz? Necə olmalı idi ki?” Axı sən kimsən? Danışmağı bacarmır, təhsili yoxdur, dress kod anlayışından uzaqdır. Bu özündənrazılıq nədən qaynaqlanır?

Hətta ölkədə bu söhbət də geniş yayılıb ki, Sərkisyan ciddi şəkildə narkotikadan asılıdır. Bu, bəzi fotolardan da görünür. Gözlərindən, üz ifadələrindən bəllidir. Oyunbazdır (iqroman) adam, bu isə ciddi psixoloji problemdir. Və bu cür adam indi ölkənin taleyini həll etməyə iddialıdır. Mən buna imkan verməyəcəm.

– Vətəninizdə sizin bu addımınızla bağlı reaksiya necədir? İctimai rəy bu haqda nə deyir?

– İlk vaxtlar hakimiyyətin antitəbliğatı sayəsində mənim satqın, vətən xaini obrazımı yaratmışdılar. Amma indi insanlar həqiqəti anlamağa başlayırlar. Ermənistandan olan dostlarımla yazışıram. Onlar deyirlər ki, artıq əvvəlki əhval yoxdur, insanlar səninlə bağlı gerçəyi görməyə başlayıblar.