“Report”un əldə etdiyi məlumata görə, hadisə fevral ayının 2-dən 3-nə keçən gecə baş verib.
“Report”un əldə etdiyi məlumata görə, hadisə fevral ayının 2-dən 3-nə keçən gecə baş verib.
Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin inspektoru Əliş Kərimov idarə etdiyi 90-YP-460 dövlət qeydiyyat nişanlı “Kia” markalı xidməti avtomobil ilə birlikdə oğurlanıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, Ə.Kərimov Yol Patrul Xidmətinə məxsus xidməti avtomobili idarə edən zaman yolda dayandırılıb və avtomobilindən çıxarılaraq zorla naməlum dövlət qeydiyyat nişanlı “Mercedes” markalı maşına əyləşdirilib. Fevral ayının 3-də 90-YP-460 dövlət qeydiyyat nişanlı “Kia” markalı xidməti avtomobil Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində tapılıb. Avtomobilin içərisində isə nəlayiq və hədə-qorxu xarakterli ifadələr yazılmış kağız parçası tapılıb.
Oğurlanan polis əməkdaşına məxsus mobil telefon isə sim kartsız halda Yasamal rayonu ərazisindəki Qanlı gölun ətrafında aşkarlanıb. Bakı şəhər ərazisində təhlükəsiz şəhər kameralarına baxış zamanı dövlət qeydiyyat nişanının görünməsi məhdudlaşdırılan “Mercedes” markalı avtomobilin Yol Patrul Xidmətinə məxsus avtomobilin arxası ilə hərəkət etdiyi məlum olub. Araşdırmalar nəticəsində naməlum qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin şəhər ərazisində yalnız iki kameranın obyektivinə düşdüyü aydın olub.
Oğurlanan polis inspektorunun axtarışı davam edir. Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi araşdırılır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri polis polkovniki Ehsan Zahidov “Report” bildirib ki, fevralın 3-də Bakı BPİ DYPİ-nin Növbətçi Hissəsinin sürücüsü-polis nəfəri Əliş Kərimov ona təhkim olunmuş xidməti avtomobili idarənin yaxınlığında yol kənarında saxlayaraq öz rəhbərliyinə xəbər vermədən naməlum istiqamətdə gedib. Mətbuat xidmətinin rəhbəri hadisə barədə əlavə məlumat verməyib və araşdırmaların davam etdiyini söyləyib.
Qeyd edək ki, 90-YP-460 dövlət qeydiyyat nişanlı “Kia” markalı avtomobil BŞBDYPİ-nin Növbətçi Hissəsinə məxsus xidməti maşındır. Oğurlanan inspektor Növbətçi Hissə rəisi, polis mayoru İlqar İbrahimovun sürücüsü işləyib.