Harada gəldi skuter, moped və velosiped sürənləri necə cəzalandırmalı?
Bakı şəhərində Dövlət Yol Polisi əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı 278 skuter, moped və velosiped sürücüsü ilə izahedici söhbətlər aparılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirlikdən bildirilib ki, tədbirin məqsədi bu nəqliyyat vasitələrindən istifadə edən şəxsləri yol hərəkəti qaydalarına əməl etməyə təşviq etmək, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməkdir: “Səssiz və sürətli hərəkət bu nəqliyyat vasitələrini piyadalar üçün riskli edir. Vətəndaşlar velosiped zolaqlarından düzgün istifadə etməli, piyada səkilərində sürməkdən çəkinməlidir, qoruyucu dəbilqə və digər təhlükəsizlik vasitələrindən istifadəyə diqqətlə yanaşmalıdır”.
Son illərdə Bakıda skuter, moped və velosiped kimi fərdi nəqliyyat vasitələrinin sayı nəzərəçarpacaq dərəcədə artıb. Xüsusilə gənclər və yeniyetmələr bu vasitələrə üstünlük verir. Ancaq müşahidələr göstərir ki, onların çoxu yol hərəkəti qaydalarını bilmədən və qoruyucu vasitələrsiz hərəkət edir, yüksək sürətlə piyada zonalarına daxil olur, qəfil manevrlərlə həm özləri, həm də digər iştirakçılar üçün təhlükə yaradır.
Bir neçə ay öncə Bakı şəhərində baş verən hadisədə skuter sürücüsü yüksək sürətlə hərəkət edərkən qarşısına çıxan piyadanı vuraraq ona ağır xəsarət yetirmişdi. Belə hallar son aylarda daha tez-tez qeydə alınır.
Rəqəmlərə nəzər salsaq, 2023-cü ildə Azərbaycanda qeydə alınan yol-nəqliyyat hadisələrində velosiped və skuter sürücülərinin iştirakı ilə baş verən qəzaların sayı 300-dən çox olub və bu, əvvəlki illə müqayisədə təxminən 40% artım deməkdir. 2024-cü ilin ilk yarısında isə artıq 200-dən çox belə hadisə qeydə alınıb.
Dünyada mikromobillik – yəni velosiped, elektrikli skuter və moped kimi fərdi və ekoloji təmiz nəqliyyat vasitələrinin istifadəsi – xüsusilə böyük şəhərlərdə sürətlə yayılır. Paris, Berlin, Madrid, New York və Seul kimi şəhərlərdə bu vasitələr həm nəqliyyat sıxlığını azaltmaq, həm də ətraf mühitə zərəri minimuma endirmək üçün vacib alternativ sayılır.
Ancaq bütün bu şəhərlərdə belə halların təhlükə yaratmaması üçün ciddi tədbirlər görülüb. Məsələn, Parisdə skuter və velosiped sürücüləri üçün geniş, müstəqil zolaqlar yaradılıb. Piyada zonalarında skuter sürmək qəti qadağandır və cəriməsi 135 avrodur.
Berlində isə qaydaları pozanlara qarşı sərt cərimələr tətbiq edilir, skuter icarəsi üçün minimum yaş 14 müəyyən edilib və dəbilqə tövsiyə olunur. New Yorkda 25 km/saat-dan yüksək sürət qadağandır, vətəndaşların maarifləndirilməsi üçün geniş kampaniyalar keçirilir.
Seuldə isə skuter sürücüləri üçün onlayn test imtahanları tətbiq olunur və yalnız icazə alanlar bu vasitələri idarə edə bilir.Bu tədbirlər nəticəsində həm qəza halları azalıb, həm də şəhər mərkəzlərində piyada təhlükəsizliyi təmin edilib.
Bakı üçün də mikromobillik vacib və müsbət bir tendensiyadır. Xüsusilə nəqliyyat sıxlığının həllində, ətraf mühitin qorunmasında və daşınma xidmətlərinin genişlənməsində böyük rol oynaya bilər. Ancaq vəziyyət düzgün idarə olunmazsa, bu, şəhər üçün səssiz və təhlükəli bir problemə çevrilə bilər.
Ekspertlər hesab edir ki, bunun üçün şəhərdə daha çox və daha geniş velosiped və skuter zolaqları yaradılmalı, qaydaların pozulmasına qarşı daha ciddi nəzarət və sərt cərimələr tətbiq edilməli, yol hərəkəti qaydaları öyrədilməli, skuter və moped icarəsi üçün minimum yaş həddi və təhlükəsizlik qaydaları müəyyən edilməlidir. Qoruyucu dəbilqə və digər vasitələrdən istifadəyə nəzarət isə gücləndirilməlidir.
Çünki mikromobillik Bakının gələcəyi üçün vacib və qaçılmaz bir istiqamətdir. Ancaq bu vasitələrin düzgün idarə olunması üçün qanunvericilik, infrastruktur və maarifləndirmə səviyyəsində ciddi addımlar atılmalıdır. Əks halda, şəhərin səssiz və sürətli “trafik canavarları” həm piyadalar, həm də özləri üçün təhlükə mənbəyinə çevrilə bilər.
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov “Yeni Müsavat”a bildirib ki, tələbata uyğun olaraq moped və skuterlərdən istifadə edənlərin sayı artıb. Onun sözlərinə görə, qəza riskləri öncədən proqnozlaşdırılır: “Ona görə də ötən il ərzində məhz mikromobillik vasitələri kiçik elektrik mühərrikli nəqliyyat vasitəsi kimi qanunvericilikdə təsbit olundu. Bizdə artıq qanunverici baza var. İnzibati xətalar məcəlləsində və “Yol hərəkəti haqqında” Qanunda da cərimələr müəyyən edilib. Yaşı 14-dən aşağı olan insanların elektron skuter sürməsi qadağandır. Həmçinin müəyyən qaydalar da artıq tərtib olunub. Belə ki, 24 saat ərzində həmin nəqliyyat vasitələrinin önündə və arxasında fənərləri yanılı vəziyyətdə olmalıdır. Skuter sürənlər avtomobil yolunun zolağının sağ zolağı ilə hərəkət etməlidir”.
Ekspert bildirir ki, qaydaları pozan skuter sürücüsü 40 manat cərimələnir: “Baxmayaraq ki, skuter və moped sürücülərindən vəsiqə tələb olunmur, lakin bütün hallarda cərimə təyin edilir. Kiməsə xətər yetirsələr və başqa nəqliyyat vasitəsinə ziyan vursalar, 150 manat cərimə nəzərdə tutulur. Sərxoş halda idarə etmək qadağandır.
Bizim gənc vətəndaşlarımız hələ ki qanunu dərk edə bilmir. Onlar başa düşmürlər ki, bu cür nəqliyyat vasitələri artıq əyləncə vasitəsi olmaqdan çıxıb və şəhər mühitində nəqliyyat vasitəsinə çevrilib. Qaydalara əməl etmək lazımdır. Bir çox yeniyetmə qanundan və qaydalardan xəbərsizdir. Dövlət yol polisi maarifləndirmə işləri aparır, reydlər keçirir, söhbətlər aparır. Qayda pozuntuları davam etdikcə, maarifləndirmə işləri davam etdirilməlidir”.
E.Cəfərov skuterlərin surətinin azaldılmasını da təklif edir: “Şəhər mühitində skuterlərin surət həddi azaldılmalıdır. Elə şəxslər var ki, onlar surət həddini aşır. Düşünürəm ki, sürət həddi maksimum saatda 15 km olsa, kifayətdir. Hazırda saatda 25, 35 km yol gedən skuterlər də var. Cərimə və maarifləndirmə paralel aparılmalıdır. Vəziyyət acınacaqlı hal alarsa, skuterdən istifadə edənlərin yaş həddini 14-dən bir az da yuxarı qaldırmaq olar. Qəzaların qarşısını almağın bir yolunu tapmaq lazımdır. Çünki istifadəçilərin sayı günbəgün artır. Skuter istifadəçilərini hətta sadə suallarla onlayn test də etmək olar və yalnız ondan sonra nəqliyyat vasitəsini kirayə götürsün. Həm də qaydaları izah etmək, cərimələr haqqında məlumat vermək lazımdır. Bütün bunları biləndən sonra daha səliqəli şəkildə idarə edəcəklər”.