Qəzalı vəziyyətdə olan köhnə binalar söküləcək. Tribunainfo.az Xəzər TV-yə istinadən bildirir ki, Nazirlər Kabineti tərəfindən qəbul edilən qərara əsasən, Bakının Suraxanı rayonu üzrə 63, Nəsimi rayonu üzrə 226, Xətai rayonu üzrə 99, Nərimanov rayonu üzrə 219, Nizami rayonu üzrə 131, Yasamal rayonu üzrə 18, Səbail rayonu üzrə 41, Pirallahı rayonu üzrə 297 yaşayış binasının sökülməsi nəzərdə tutulur.
Şəhər ərazisində mərhələli şəkildə söküntü işləri daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyəcək.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, sözügedən ərazidə kirayə ev axtaranların sayı da artacaq.
Ekspertlər hesab edirlər ki, həmin ərazilərdə tələb təklifi həddindən artıq üstələdiyi üçün süni qiymət artımı qaçılmazdır. Hətta qiymətlərin təxminən 25-30 faiz civarında artması da proqnozlaşdırılır.
Qiymət artımı mənzil bazarında da müşahidə ediləcək.
Ekspert təklif edir ki, söküntü işlərinin mərhələli şəkildə aparılması daha uyğundur. Belə olsa, qiymətləri bir qədər stabil saxlamaq mümkün olar.