Sabunçu Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmaqda və xuliqanlıqda təqsirləndirilən Zəminə Səlimovanın (adı, soyadı şərtidir) barəsindəki cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Tribunainfo.az xəbər verir ki, hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.
Hökmə əsasən, Z.Səlimova 1 il 1 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
İttiham aktına əsasən, hadisə 17 aprel 2025-ci il tarixdə, saat 9 radələrində paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi 1A ünvanında fəaliyyət göstərən marketin qarşısında qeydə alınıb.
Belə ki, Zəminə Səlimova qeyd olunan marketin qarşısında toplanmış zibillərin guya market işçiləri tərəfindən yığıldığını iddia edərək, həmin obyektin müdiri, zərərçəkmiş Lamiyə Quluzadə (adı, soyadı şərtidir) ilə mübahisə edib. Mübahisə zamanı təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsə zor tətbiq edərək, sol əli ilə onun sağ əl barmaqlarından tutub burub. Nəticədə Lamiyənin sağ əl IV barmağının proksimal falanqasının yerini dəyişən qapalı sınığı yaranıb.
Hadisədən sonra Zəminə Səlimova saxlanılıb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.
Məhkəmə istintaqı zamanı dindirilən Zəminə Səlimova özünü təqsirli bilməyərək deyib ki, sözügedən ərazidə fəaliyyət göstərən “Buta” aptekində xadimə işləyir və yaxınlıqda həmin market fəaliyyət göstərir.
O söyləyib ki, hadisə günü işlədiyi aptekin içərisini və çöl tərəfini təmizlədikdən sonra evə gedib:
“Səhəri gün işə gəldikdə isə marketin qarşısında zibilin yığıldığını gördüm. Bununla bağlı marketin müdiriyyətinə dəfələrlə müraciət etsəm də, nəticə əldə edə bilmədim. Aptekin müdiri məni danladı, bundan sonra marketə gedərək işçilərindən xahiş etdim ki, zibillərini obyektin çölünə atmasınlar. Lakin satıcı qız cavabında söylədi ki, marketin önünü təmizləyiblər. Bu mübahisə zamanı Lamiyə gəldi, qapını bağladı və sözümü deməyə imkan vermədi. Qapı açıldıqda Lamiyə məni vurdu, onu itələməyim barmağının sınmasına səbəb oldu”.
Təqsirləndirilən şəxs özünü qorumaq məqsədilə hərəkət etdiyini bildirib:
“Hadisə zamanı nalayiq söz işlətməmişəm və digər şəxslərin adlarını da xatırlamıram. pravda.az