2 il əvvəl mediaya spirtli içkilərlə bağlı verdiyim açıqlamada bildirmişdim ki, rəsmi istehsalçıların məhsullarının qiyməti daha kəskin artdıqca, bazara kustar üsullarla istehsal olunmuş məhsullar çıxacaq. Bu da insanların həyatı üçün çox təhlükəlidir. Bildirmişdim ki, bu, bir müddətdən sonra zəhərlənmə, hətta ölüm hallarına gətirib çıxara bilər. Ona görə də hökumətlər burada çox diqqətli davranmalıdırlar.
Tribunainfo.az xəbər verir ki, 2 il öncə verdiyi müsahibədəki fikirləri xatırladan “ReAl Partiyası”nın sədri Natiq Cəfərli qeyd edib ki, indi spirtdən ölüm hallarının artmasına səbəb kəskin qiymət artımlarıdır:
“Son bir həftədə Sabunçu rayonu ərazisində 15 nəfər, Suraxanı rayonu ərazisində isə 1 nəfər, ümumilikdə 16 vətəndaşımız etil spirtindən zəhərlənərək ölüb.
Xəbər yayılıb ki, zəhərlənməyə səbəb olan “Starlyuks” adı altında satışa çıxarılan, ölümlərə səbəb olduğu ehtimal edilən mal sahibi, iş adamı həbs edilib. Mən həbsin dəqiq səbəbini bilmirəm, amma, o iş adamı, bəyəm, içmək üçün istehsal edib o məhsulu – yox, kimsə ağılsızlıq edib alıb-içirsə, buna iş adamı neyləsin?!
Yaxşı, tutalım, iş adamının günahı var, bəs hökumət son 5 ildə bir neçə dəfə vergi-aksizləri artıraraq qiymətlərin yüksəlməsinə, bununla da adamların kustar, sağlamlığa ziyan vuracaq içkilərə yönəldiyinə görə məsuliyyət daşıyırmı?! Suallara cavab verən tapılacaqmı?!”.
Nigar