Hazırda tikinti işləri sürətli şəkildə davam etdirilir; bu mənzilləri hamı üçün əlçatan deyil, çünki…
Hazırda tikinti işləri sürətli şəkildə davam etdirilir; bu mənzilləri hamı üçün əlçatan deyil, çünki…
Uzun müddət idi ki, ekspertlər, deputatlar və digər ictimai şəxslər Bakıda aztəminatlı ailələrin mənzil və məişət şəraitini yaxşılaşdırmaq üçün dövlət tərəfindən sosial evlərin tikilməli olduğunu vurğulayırdılar. Nəhayət, belə mənzillərin tikintisinə başlanıldı.
Lakin qoyulan şərtlər gözlənildiyi kimi yumşaq olmadı. Məsələn, ipoteka kreditləri üzrə güzəştlərdən şəhid ailəsinin üzvü (əri/arvadı, övladları), Milli Qəhrəman (özü, əri/arvadı, övladları), məcburi köçkün və ya ona bərabər tutulan şəxs, üç ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyən şəxs, elmlər namizədi və ya doktoru elmi dərəcəsi olan şəxs, idman sahəsində xüsusi xidmətləri olan şəxslər (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçıları (I, II və III yerlər), üç ildən az olmayan müddətdə hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), eləcə də ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular yararlana bilərlər.
Göründüyü kimi, bu evləri almaqdan əksər aztəminatlı ailələr məhrumdur. Eyni zamanda hərbiçilərə, məcburi köçkünlərə onsuz da dövlət tərəfindən mənzillər verilir. Ancaq buna baxmayaraq, bildirilir ki, sosial evlərlə bağlı layihələr davamlı olacaq və növbəti mərhələlərdə şərtlər xeyli asanlaşdırılacaq.
Mənzillərin təxminən 25-30 il müddətinə təklif ediləcəyi gözlənilir. Amma vətəndaş ödəmə qabiliyyətinin yüksəkliyinə əsasən daha az müddətə də ev götürə bilər. Layihəni həyata keçirən Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) məlumatına görə, ümumi sahəsi 11,6 hektar təşkil edən Yasamal Yaşayış Kompleksi 29 çoxmənzilli yaşayış binasından ibarət olacaq. Bunlardan 12-si birbloklu 12 mərtəbəli, 17-si isə ikibloklu 9 mərtəbəli olacaq. Kompleksin tikintisi başa çatdıqdan sonra ümumilikdə 1843 ailəni yeni mənzillə təmin etmək imkanı yaradılacaq. Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə təchiz olunmuş şəkildə vətəndaşlara təklif olunacaq. Eyni zamanda ərazidə 960 yerlik ümumtəhsil məktəbi ilə yanaşı, 240 yerlik uşaq bağçası, ticarət mərkəzi, habelə müvafiq ictimai iaşə, məişət və digər xidmət obyektlərinin tikilərək istifadəyə verilməsi nəzərdə tutulub. Binaların tikintisinin 2018-ci ilin yayında yekunlaşacağı gözlənilir.
“Qanlı göl” yaxınlığında sosial evlərin inşa edildiyi ərazidə hazırda qızğın iş aparılır. Bir neçə bina ucaldılıb, bir neçəsinin bünövrəsi tökülüb. Onlarla usta və fəhlə heyəti günboyu dayanmadan evlərin tikintisini həyata keçirirlər. Ustalarla söhbətimiz zamanı onlar bildirdilər ki, hər gün səhər saatlarından axşam 18:00-a qədər işləyirlər. Evlərin keyfiyyətli və dözümlü olması üçün əllərindən gələni əsirgəmirlər.
Öyrəndik ki, evlər tikildikdən sonra ətraf ərazinin də abadlaşdırılması üçün lazımi addımlar atılacaq. Sosial evlər hazır olduqdan sonra burada digər infrastruktur da qurulacaq. Lakin hələ ki ərazidə bir dənə ağac belə yoxdur.
İqtisadçı ekspert Rəşad Həsənov “Yeni Müsavat”a bildirib ki, əslində bu mənzillərə “sosial evlər” demək olmaz: “Uyğun qiymətə mənzil strategiyasında nəzərdə tutulub ki, növbəti dövrlərdə əhalinin aztəminatlı sosial qruplarının mənzil təminatının yüksəldilməsi istiqamətində işlər daha da dərinləşdirilsin. Bir məsələ var ki, bu strategiyanın hazırlanması, MİDA-nın yaradılması və işlərin başladılması ölkənin maliyyə vəziyyətinin ürəkaçan olmayan dövrünə düşdü. Belə bir vəziyyətdə hökumət ödəniş qabiliyyəti olan insanlara bu mənzillərin verilməsinə çalışdı. Bir sıra hallarda bununla bağlı cəmiyyətdə fikirlər qarışır. Əslində bu layihə sosial mənzil layihəsi yox, uyğun qiymətə mənzil proyekti kimi diqqətə alınmalıdır. Çünki burada tələblər sosial mənzil yanaşmasına uyğun deyil. Hökumət məhz ilkin dövrlərdə, daha çox ödəniş qabiliyyəti olan insanlara mənzilin satışını nəzərdə tutur. Ancaq bunun özü bir müsbət haldır ki, artıq bu istiqamətdə müəyyən işlər görülməyə başlayıb. Hökumət ən azından MİDA MMC-ni yaratdı və müəyyən layihələrə start verildi. Bu layihələrdə artıq əhalinin müəyyən qrupları bazar qiymətindən aşağı mənzil ala biləcəklər. Burada eyni zamanda güzəştli ipoteka şərtlərinin tətbiqi qaydaları da müəyyənləşdirildi. Lakin həqiqətən də insanları narahat edən əsas məqam odur ki, alternativ qrupların bu imkanlardan istifadəsi hazırda mümkün deyil. Apardığımız müzakirələrdən məlum olur ki, dövlət qurumları, o cümlədən MİDA növbəti dövrlərdə kateqoriyaya daxil olan sosial qrupların siyahısını genişləndirməklə problemi aradan qaldırmağa çalışacaq. Bildiyimiz kimi, bu, qısamüddətli layihə deyil. Sonrakı dövrdə bu istiqamətdə fəaliyyətlər daha da genişlənəcək”.
Ekspert bildirib ki, xüsusilə də özəl sektorun bu layihəyə cəlbi dərinləşdirilməlidir: “Məsələ əsasən onun üzərində qurulacaq ki, hər il MİDA tərəfindən daşınmaz əmlak bazarına 3 minə yaxın mənzil təklifi baş tutsun. Əgər hər il 3000 mənzil tikiləcəksə, bu zaman imkan yaranacaq ki, əhalinin nisbətən aztəminatlı sosial qrupları üçün daha uyğun şərtlərin tətbiqi mümkün olsun. Burada həmçinin ərazinin seçimi və digər məsələlər də əhəmiyyətlidir. Xərclər layihədə əsas məqamlardandır. Əgər növbəti layihələrdə şəhərətrafı zonalarda mənzillərin tikintisi təmin edilərsə, bu, maya dəyərini aşağı salacaq. Beləliklə də ola bilsin ki, güzəştlər daha da dərinləşdirilsin. Həmçinin layihənin maliyyə təminatı məsələsi də mühüm məqamdır. Hazırda çalışılır ki, layihəyə daha aşağı vəsaitlər cəlb olunsun. Əgər belə olacaqsa, o zaman MİDA-nın əlində əlavə imkanlar yaranır ki, uyğun qiymətə mənzillərin şərtlərini yumşaltmaqla əhalinin sosial müdafiəsini artırsın. Dediyimiz kimi, hazırda bu, sosial layihə deyil. Adından da göründüyü kimi, güzəştli mənzil layihəsidir və əsas faktor ödəniş qabiliyyətidir. Ona görə də sosial qrupların müəyyənləşməsində hökumət sadə yolu seçərək, güzəştli ipotekadan yararlanma imkanı olan bütün kateqoriyanı siyahıya daxil etdi”.