Bakıda “Toyota Prado” markalı avtomobillərin katalizatorlarını oğurlayan şəxsin məhkəməsi başa çatıb.
Qaynarinfo-nun məlumatına görə, təqsirləndirilən şəxsin əməllərindən müxtəlif iş adamları, vəzifəli şəxslər də ziyan çəkib. Nəticədə 10-dan artıq “Toyota Prado” markalı avtomobilin katalizatorları oğurlanıb.
1992-ci ildə Gürcüstan Respublikasının Saqareco rayonunun Düzəyrəm kəndində anadan olmuş Əfqan Məmmədov (soyad şərti) “Prado” markalı avtomobillərin səsboğucularının katalizatorunu bibisi oğlu Balamir Məmmədovla birlikdə oğurlayıb. Sonuncunu məsuliyyətə cəlb etmək mümkün olmayıb.
Bibisi oğlu Balamir Əfqan Məmmədova “Rent a car”dan avtomobil götürməyi, Bakı şəhərinin ara küçələrini gəzməyi, qaranlıq küçələrdə saxlanılmış “Toyota Prado” markalı avtomobillərin katalizatorlarını oğurlamağı təklif edib.

Əfqan Məmmədov bibisi oğlunun təklifi ilə razılaşıb və Nərimanov, Nəsimi, Yasamal və digər rayonlarda qiyməti 100 min manatdan aşağı və yuxarı olan “Toyota-Prado” markalı avtomobilin katalizatorlarını oğurlayıblar. Həmin avtomobillərdə oğurladıqları katalizatorın yerinə işləməyənini bağlayıblar.
Əfqan Məmmədov bibisi oğlu ilə birlikdə kənar şəxslərin görməməsi üçün duracaqda olan “Toyota Prado” markalı avtomaşınların qarşısında “Rent a car”dan götürdükləri avtomobili saxlayıb və sonra istəklərini həyata keçiriblər. Onlar oğurladıqları katalizatorları internet saytlarında elan verməklə satıblar. Bakıda məşhur şirkətlərdən birinin İdarə Heyətinin sədri və digər şəxslərin hər birininin avtomobilinə 3300 manatdan artıq zərər dəyib.
Beləliklə, Əfqan Məmmədov Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib. Ona məhkəmənin hökmü ilə 2 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.
Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Əfqan Məmmədovun 29 mart 2023-cü il tarixdən 13 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 6 ay 14 gün bir günə 2 gün hesablanıb və bu müddət 1 il 28 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub. Həmin müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 il 11 ay 2 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb və o, məhkəmə zalında həbsdən azad edilib.