Səbail rayonunda yerləşən “Yaban” restoranında dava-dalaş salan müştəri həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, hadisə oktyabrın 26-da, gecə saat 00.30 radələrində baş verib.
1988-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş V.B. saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib. İşə məhkəmədə baxılıb.
Məlum olub ki, V.B. tanışı ilə restoranda yeyib-içərək sərxoş olub. Bundan sonra təqsirləndirilən şəxs içkinin təsiri altında restoranda olan qadınlara sataşıb, onları narahat etməyə başlayıb. Restoran rəhbərliyi onu sakitləşməyə və nizam-intizama dəvət etsə də, həmin şəxs heç bir səbəb olmadan nalayiq ifadələr işlədib. Bu zaman onların arasında münaqişə yaranıb. Təqsirləndirilən şəxs restoran administratorunu vurmağa cəhd edib.
Məhkəmənin hökmü ilə V.B. 10 gün müddətinə həbs olunub.










