Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Elməddin Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Elməddin Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
TİA.AZ APA-ya istinadən xəbər verir ki, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, E. Ağayev 19 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə zalında hökmdən narazı qalan təqsirləndirilən şəxsin yaxını olan qadın üzərinə benzin tökərək intihara cəhd edib.
İntihara cəhdin qarşısı alınıb.
Qeyd edək ki, qətl hadisəsi Bakıda, Nobel prospekti, 110 ünvanında qeydə alınıb. Qətlə yetirilən Ələddin Qarayevin oğlu Əmrah Qarayev Nobel prospekti 110 ünvanında yerləşən kafedə kafe sahibinin mühafizəçisi Elməddin Ağayevlə mübahisə edib, aralarında dava olub. Daha sonra Əmrah Qarayev kafenin yaxınlığındakı evinə gedib. Elməddin Ağayev və qardaşı Niyaməddin Ağayev bıçaqla silahlanaraq, Əmrah Qarayevin yaşadığı evə gəliblər.
Evin qarşısında tərəflər arasında növbəti dəfə dava düşüb. Elməddin Ağayev əlindəki bıçaqla Əmrah Qarayevin boğaz nahiyəsinə xəsarət yetirib. Əmrah Qarayevin atası Ələddin Qarayev evdən beysbol ağacı götürərək qapıya çıxıb və oğluna kömək etməyə çalışıb. Elməddin Ağayev onu da bıçaqlayıb. Ata və oğul xəstəxanaya aparılıblar. Ələddin Qarayev yolda ölüb, Əmrah Qarayev isə xəstəxanaya çatdırılıb.