Bakı Dövlət Universitetinin müəllimi Qismət Yunusoğlu ölkə ərazisində olan adsız şəhid məzarlarının tarixçəsini araşdırmağa başlayıb. İlk olaraq Bakının Mərdəkan qəsəbəsi və Abşeronun Fatmayı kəndindəki adsız məzarlarla tanış olub. Bununla bağlı araşdırmasını “Qafqazinfo”ya göndərib.
O, son 1 ildir ki, bu sahə ilə maraqlandığını vurğulayıb. Bunun üçün də qəsəbə və kənd sakibnləri ilə söhbətləşib.
Fatmayı kənd sakini Pərvaz Qurban oğlu Yusifovla söhbəti əsasında qələmə alınmış məqalədə bildirilir ki, Abşeron rayonunun Fatmayı kəndində Qoşa şəhid məzarı var. Həmin kənddə belə bir adət var ki, kənd əhli qəbirstanlığa qədəm qoyduqda öncə adları məlum olmayan qoşa şəhid türk məzarına dua etdikdən sonra əhli-qürubun uyuduğu məkana keçirlər. 1918-ci ilin mart-aprel aylarında mənfur hay-daşnak-bolşevik qırğınından qoruyanların ikisi şəhid olmuş və burada dəfn edilib. Silahlı quldur dəstələri Digah kəndini işgal etdikdən sonra Fatmayı kəndi yaxınlığındakı “Yekə dağ” üstündə ağır döyüşlər olub. Kənd sakinlərinin və türk əsgərlərinin müqaviməti və igidliyi sayəsində mənfur haylar darmadağın ediliblər.
Həmin döyüşdə şəhid olmuş iki türk əsgəri kənd qəbirstanlığında dəfn edilib. Bu qəbirləri Sovet hakimiyyəti illərində itib-batmamağa qoymayan 1940-1952-ci illərdə II Dünya müharibəsi və Sibir məhbusluğunun iştirakçısı olmuş fatmayılı Əliağa Hacıbaba oğlu Yusifov (1902-1977) və Hacı Ağa Məmmədhənifə oğlu Ağayev (1902-1982) olub. Onlar keçən əsrin 50-60-cı illərində daş nişanə ilə qəbirləri qoruyub saxlamışlar.
2003-2005-ci illərdə isə Fatmayı kənd sakinləri Hacı Ruvələmin Əlhəm oğlu Rəşidov (1932-2017), Hacı Davud Abdulla oğlu İbrahimov (1946), Hacı Qədir Qəmbər oğlu İbrahimov (1924-2015) öz vəsaitləri hesabına Şəhid türk məzarını abadlaşdıraraq baş və sinə daşlarını yeniləmiş, daş çərçivəyə almış və qəbirüstü avand işlər görüblər.
Qəbirin yazı tərtibatını (baş daşında “1918-ci ildə Azərbaycan xalqını mənfur erməni təcavüzündən qoruyarkən döyüşdə həlak olan türk əsgərlərinin məzarı”, sinə daşında “Türk şəhidlərinin ruhuna fatihə” yazılıb. Bunu nardaranlı şair Hacı Mail (1935-1999) icra edib.
Daha bir adsız məzar isə Mərdəkanda 123 nömrəli məktəbin həyətindədir.
Qeyd olunur ki, bu məktəb böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən tikilib. Sözügedən məktəb 1918-ci ildə Bakı şəhəri və ətraf kəndlərdə dinc sakinlərə qarşı hay-daşnak-bolşevik quldurları tərəfindən törətdilmiş soyqırımın qarşısını almaq üçün imdada yetən, amma döyüşlərdə yaralanan türk əsgərlərinin müalicəxanası (həbi hospital) kimi fəaliyyət göstərib. Bir hektara qədər ərazisi olan bu qədim məktəbin həyətində qardaş türk əsgərlərinin uyuduğu şəhid ruhu üzərində Türkiyə və Azərbaycan bayraqları dalğalanır.
Mərdəkan qəsəbəsinin 88 yaşlı sakini Şeyx Sənan Mərdəkani (Sənan Seyfulla oğlu Babayev) bildirir ki, 1918-ci ildə həmin məktəbin binasında müalicə olunan 25-30 yaralı türk döyüşçüləri şəhid olarkən onları məktəbin hasarı boyunca dəfn ediblərmiş. Şəhid məzarlığı o qədər geniş imiş ki, kənd sakinləri orada qoyun-quzu da otararlarmış. 1942-ci ildə Ləhiş bağları ərazisində hərbi zavod tikintisində bu qəbirlər dağıdılıb. Ancaq yaşlı xar tut ağacının altındakı iki qəbirə toxunmaq mümkün olmayıb. Nəticədə həmin qəbirlər salamat qalıb.
1990-1991-ci illərdə qəsəbənin xeyriyyəçi sakini Ələsgər Əminağa oğlu Həsənov (1952) öz vəsaiti hesabına iki şəhid qəbrini abadlaşdırıb. Bu məzarlar üzərində ucaldılmış mərmər abidədə qızılı yazıda bildirilir ki, 1918-ci ildə Bakıda ermənilər tərəfindən törədilən azəri soyqırımının qarşısını almaq üçün köməyə gələn türk ordusunun şəhid olmuş iki əsgəri burada uyuyur.
Xeyriyyəçi şəhid məzarlarına bitişik bulaq da inşa etdirib.
Qeyd edək ki, həmin illərdə Mərdəkanda müalicə alan türk əsgərlərindən 5-i sağaldıqdan sonra bu kənddə qalmış, yerli xanımlarla ailə qurublar və sonrakı həyatlarını Azərbaycana bağlamaqla iki qardaş xalqın qan birliyini bir daha sübut ediblər.