3 il əvvəl mərkəzdə yeni tikili binanın 1 kv metri təqribi 2500 manat olubsa, hazırda bu rəqəm maksimum 3000 manatdır. Lakin kənar ərazilərdə yeni tikili binadakı mənzilin 1 kv metri 700 manat idisə hazırda həmin ərazilərdə mənzillərin 1 kv metri 1200 manat təşkil edir.
Bu barədə Tribunainfo.az-a əmlak eksperti Elnur Fərzəliyev danışıb. O bildirib ki, hazırda yatırım üçün əmlak alarkən mərkəzdən nisbətən kənarlara üstünlük vermək daha məsləhətdir:
“Azərbaycanda əmlak alıcıları bir necə kateqoriyaya bölünür: ilk evlərini alanlar, yatırım üçün ev alanlar.
Yatırım üçün ev alanlar da həmçinin bir necə kateqoriyaya bölünür ki, bunlar da büdcəsinə uyğun əmlak alıb kirayə verənlər və ən bahalı binalardan ən bahalı əmlakları yatırım üçün alanlardır.
Təcrübə onu göstərir ki, mərkəz ərazilərdə əmlakların satış qiymətləri həddindən artıq baha olsa da, o əmlaklarda qiymət artımı və alıcı qüvvəsi ucuz ərazilərə nisbətən daha az olur. Həmçinin bahalı əmlakların aylıq kirayə qiymətləri maksimum onun dəyərinin 0,2 – 0,3 faizi edir.
Mərkəzdən nisbətən kənarda, lakin infrastrukturu normal olan ərazilərdə mənzillərin satış qiymətləri mərkəzə nisbətən daha ucuz olsa da, onların kapitallaşması daha tez dəyərlənir.
Yəni 3 il əvvəl mərkəzdə yeni tikili binanın 1 kv metri təqribi 2500 manat olubsa, hazırda bu rəqəm maksimum 3000 manatdır. Lakin kənar ərazilərdə yeni tikili binadakı mənzilin 1 kv metri 700 manat idisə, hazırda həmin ərazilərdə mənzillərin 1 kv metri 1200 manat təşkil edir. Kənar, lakin perespektivli ərazilərdə mənzillərin həm satışları daha surətli olur, həmçinin aylıq kirayə qiymətləri həmin əmlakların satış qiymətlərinin 0,5 faizini təşkil edir.
O baxımdan, yatırım üçün əmlak alarkən mərkəzdən nisbətən kənar, lakin alıcı qüvvəsi yüksək olan ərazilərə yatırım etmək daha məqsədəuyğun və risksizdir. Təbii ki sənədləri qaydasında olmaq şərti ilə”.