Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən N.Əhmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, hadisə 19 dekabr 2022-ci ildə, gecə saat 01 radələrində paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, N.Əhmədov rayon ərazisində yerləşən fərdi yaşayış evində keçmiş qayınanasının evdə yaşamaq hüququnun olmamasını iddia edib. Bu səbəbindən də onun eks arvadı, zərərçəkmiş S.Paşayeva ilə aralarında mübahisə yaranıb. Sonra təqsirləndirilən şəxs qadının saçından tutub başını divara vurub, sürüyərək evin həyətinə aparıb. N.Əhmədov orada təpik zərbələri ilə keçmiş arvadının bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarətlər yetirib.
Daha sonra N.Əhmədov cinayət məsuliyyətinə cəlb edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə o, 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilib. O, məhkəmə iclas zalından həbs olunub.