Bakıda keçiriləcək COP29 dünyada gedən müharibələri dayandıra biləcəkmi?

Bakıda keçiriləcək COP29 dünyada gedən müharibələri dayandıra biləcəkmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Bakıda noyabr ayında İqlim dəyişikliyi ilə bağlı beynəlxalq tədbirin keçirildiyi günlərdə dünyada müharibələrin dayandırılması təklifinin müzakirə edildiyini bildirib. Adətən olimpiya oyunları günlərində müharibələrin dayandırılması çağırışı edilir. Hikmət Hacıyev bununla bağlı müzakirələrin və məsləhətləşmələrin aparıldığını deyib.

Tribunainfo.az xəbər verir ki, politoloq Elxan Şahinoğlunun fikrincə, müharibə aparan ölkələr Azərbaycanın çağırışını eşitsələr bu hamı üçün faydalı olar. Digər tərəfdən bu Bakıda keçirilən konfransın əhəmiyyətini artırar, diqqət iqlim böhranı, ərzaq və su çatışmazlığı kimi problemlərin müzakirəsinə yönələr.
Analitik qeyd edib ki, əslində söhbət iki – Rusiya-Ukrayna və İsrail-Həmas müharibəsinə ara verilməsindən gedir:

“Birinci müharibə iki ildən çoxdur davam edir və toqquşmaların bu il də davam etməsi ehtimalı yüksəkdir. İsrail Qəzzada apardığı müharibənin isə noyabr ayında qədər bitməsi ehtimalı az da olsa var. Deməli, əsas müzakirə Moskva və Kiyevlə getməlidir ki, noyabr ayında iqlim dəyişikliyi ilə bağlı konfrans günlərində müharibəyə ara versinlər. Ukrayna prezidenti Volodimir Zelenskinin noyabr ayında Bakıdakı konfransda iştirakı mümkündür. Zelenskinin Bakıya gəlişi Rusiya-Ukrayna müharibəsinin gedişatından asılı olacaq. Ancaq əgər Volodimir Zelenski Bakıda olacaqsa, Kiyev Bakının çağırışına uyğun müharibəyə bir müddət ara verə bilər. Kreml Bakının təklifini qəbul edəcəkmi – bunu söyləmək çətindir, çünki Rusiya hücumu genişləndirməyə və işğal ərazisini böyütməyə çalışır”.

Xatırladaq ki, 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi Çində yay olimpiya günlərinə təsadüf etmişdi. Ancaq olimpiada müharibəyə mane ola bilmədi. Ekspertin fikrincə, Bakıda konfrans günlərində müharibələr dayandırılmasa belə, tədbirə qədər Azərbaycanla Ermənistan arasında sülh və ya çərçivə sazişinin imzalanması əhəmiyyətli olacaq.

Nigar