Bakıda fəaliyyət göstərən restoran və kafelərdəki qiymətlərlə bağlı sosial şəbəkələrdə müzakirələr səngimək bilmir. Bu dəfə qiymətlərdən narazı olanlardan biri də tanınmış jurnalist Aida Eyvazlı olub.
Tribunainfo.az xəbər verir ki, o, iyul ayının 22-də Bulvarda yerləşən “Mirvari” kafesində qarşılaşdığı vəziyyətlə sosial media hesabında etiraz edib. A. Eyvazlı bildirib ki, axşam saat 22 radələrində rəfiqəsi ilə kafedə sadəcə çay içiblər:
“2 çaynik çay, bir balaca qabda qarpız mürəbbəsi… Hesabı istəyəndə 26 manat 40 qəpik borclu olduğumuzu söylədilər. Türkiyədə yaşayan rəfiqəm də məəttəl qaldı”.
Jurnalist çayın qiymətini soruşduqda isə ona bildirilib ki, bir çaynik 9 manatdır. Çekdə isə 8 manat qeyd olunub. Nəticədən narazı qalan Aida Eyvazlı həmin məkanın üst qatında yerləşən restoranla müqayisə aparıb:
“Restoran işçiləri dedilər ki, bir çaynik çay 6-7 manat arasıdır. Ertəsi gün başqa qonaqlarla “Şirvanşah” restoranına getdik, orada isə bir çaynik çay 5 manata idi”.
Jurnalist haqlı olaraq məsələ ilə bağlı rəsmi qurumlara müraciət edib:
“Bakı Şəhər İcra Hakimiyyəti, Səbail rayon İcra Hakimiyyəti, Maliyyə Nazirliyi və digər aidiyyəti qurumlara səslənirəm: məgər vətəndaşı bu dərəcədə soymaq hansı qanunla tənzimlənir? Niyə istirahət obyektlərində, restoranlarda müəyyən məhsulların qiyməti eyni reesterdə aparılmır? Bu ölkəyə gələn turistə, vətəndaşa qarşı nə vaxta qədər belə quldurluq ediləcək?”
Hadisə sosial şəbəkələrdə də geniş rezonans doğurub. İstifadəçilər Bakının bir çox ictimai-iaşə obyektlərində xidmət və məhsul qiymətlərinin süni şəkildə şişirdildiyini, xüsusən turistlərə qarşı qiymət ayrı-seçkiliyi tətbiq olunduğunu vurğulayırlar.
Musavat.com