Tribunainfo.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyev Bakı şəhərində İsrail və Suriya rəsmiləri arasında birbaşa danışıqların baş tutduğunu rəsmi şəkildə təsdiqləyib. Bu barədə o, Jewish News Syndicate (JNS) agentliyinə verdiyi müsahibədə bəyan edib.
“Artıq rəsmi olaraq təsdiq edə bilərik ki, Bakı şəhərində İsrail və Suriya arasında danışıqlar keçirilib. Azərbaycan bölgədə sülh və sabitlik üçün körpü rolunu oynamağa hazırdır. Bizim region ölkələri ilə, o cümlədən İsrail və bir sıra müsəlman dövlətləri ilə yaxşı münasibətlərimiz mövcuddur”, – deyə Hikmət Hacıyev bildirib.
Bu açıqlama ilə Azərbaycan Yaxın Şərq diplomatiyasında tarixi rol oynamağa başladığını nümayiş etdirir. Məlum danışıqların məqsədi İsrail və Suriya arasında gərginliyin azaldılması və mümkün razılaşmalar üçün ilkin zəminin yaradılmasıdır.
Sözügedən görüşlə bağlı ətraflı detallara hələlik açıqlıq gətirilməsə də, bu prosesin diplomatik arxa planında Birləşmiş Ərəb Əmirlikləri və ABŞ-ın da dolayı dəstəyinin olduğu ehtimal edilir.
Qeyd edək ki, Azərbaycan bir müddətdir ki, həm İsraillə strateji tərəfdaşlıq qurub, həm də ərəb və müsəlman ölkələri ilə sıx əlaqələr saxlayır. Bu səbəbdən Bakı Yaxın Şərqdə vasitəçi ölkə kimi ciddi siyasi çəkisi olan nadir aktorlardan biri hesab olunur.