Bakıda evlərin qiyməti daha da bahalaşacaq – Mütəxəssis rəyi

Bakıda evlərin qiyməti daha da bahalaşacaq – Mütəxəssis rəyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxt Bakı və digər böyük şəhərlərdə uzun illərdir daşınmaz əmlakın qiymətlərində artımlar müşahidə olunur. Ən çox artım 2023-cü ildə yaşandı ki, həmin il qiymətlərdə təxminən 20% artım oldu. Qiymətlər kəskin artdığı üçün ötən ilin oktyabrından başlayaraq əmlak bazarında ciddi durğunluq müşahidə olunur. Yəni müştərilər artıq mövqe tutub gözləyirdilər ki, qiymətlər stabilləşsin. Əvvəlki illərlə müqayisədə hazırda nisbətən müştəri qıtlığı yaşanır. Bu proses uzun müddət davam etsəydi, əmlak qiymətlərində enmələr ola bilərdi.

Bu sözləri Tribunainfo.az-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib. O qeyd edib ki, qiymətlərdə stabilləşmə, müvəqqəti durğunluq qiymətlərin enməsinə gətirib çıxarmalı idi, ancaq bu yaşanmadı. Ekspert bildirib ki, qiymətlər hələlik maksimum həddə qədər qalxıb və stabilləşib:

“İpoteka krediti və Zəmanət Fondu tərəfindən 2024 – cü il üçün 88,7 milyon manat büdcə ayrıldı. Bu büdcə ipoteka kreditləri üçün daşınmaz əmlak bazarında dövriyyəyə buraxılır. Bu artıq bazarda növbəti müştəri çoxluğuna gətirib çıxaracaq və müştəri artdıqca da təlabat da artır. Bu da təbii olaraq qiymət artımına təsir edir.
Bakı şəhərində çoxmənzilli binaların inşası üçün artıq torpaq sahələri qalmayıb və bu səbəbdən tikinti şirkətləri məcburən köhnə tikililəri sökür, orada yaşayan sakinlərə kirayə pulu və sairə kimi xərclər verməklə yerində tikilən binada sakinləri mənzillə təmin edir. Bu şirkətə baha başa gəldiyi üçün qiymət də aktomatik olaraq qalxır. Boş yerlər olmadıqca, köhnə binalar sökülməklə onların yerində binaların tikilməsi və köhnə bina sakinlərinin orada yerləşdirilməsi davam etdikcə mənzil bazarında qiymətlərdə enmə gözləmək əbəsdir.
Qiymətlərdə enməni biz ancaq paytaxt boşaldığı halda görə bilərik. Hələlik isə bölgələrdən Bakıya axın davam edir. Axın varsa, mənzilə ehtiyac da var. Bu ehtiyac isə qiyməti enməyə imkan verməz”.

Nigar İxtiyarqızı