Bakipost.az saytının Azərbaycanda məşhur brendlərdən olan OVS mağazalar şəbəkəsində Ermənistan istehsalı olan hərbi uşaq paltarlarının satılması ilə bağlı tirajladığı xəbər cəmiyyətdə böyük etirazla qarşılanıb. Bakipost.az saytının Azərbaycanda məşhur brendlərdən olan OVS mağazalar şəbəkəsində Ermənistan istehsalı olan hərbi uşaq paltarlarının satılması ilə bağlı tirajladığı xəbər cəmiyyətdə böyük etirazla qarşılanıb.
Mağazanın səlahiyyətli şəxsləri xəbəri təkzib etməyə, sözügedən malların əslində Banqladeşdə istehsal olunduğunu sübut etməyə çalışsa da, ortada fakt var: mağaza Made in Armenia yazılı hərbi paltarların ölkədə satışına şərait yaradıb.
“Park Bulvar” və “Gənclik Mall”da fəaliyyət göstərən “OVS” mağazalarında müştərilərə üzərindəki etiketdə “MADE İN ARMENİA” yazılan paltarlar təqdim edilir.
Həmkarlarımız sübut ediblər ki, düşmən ölkədən idxal olunan mallar dəbdə olan hərbi stildə tikilmiş uşaq paltarlarıdır. OVS məşhur İtalyan brendidir və öz məhsullarını dünyanın bir neçə ölkəsində hazırlatdırır. Ermənistanda məhz hərbi paltarların tikilməsi və onun Azərbaycanda satışa çıxarılması kifayət qədər maraqlı görünür.
Amma bakipost.az saytının məlum materialından sonra sözügedən şirkət təkzib xətti seçib. Eyni zamanda saytı yalan yazmaqda ittiham edirlər. Bakipost.az saytının baş redaktoru Elçin Zahiroğlu isə musavat.com-a açıqlamasında bu olayın detallarından danışıb.
O, öncə deyib ki, OVS mağazasının yaydığı məlumat, televiziyalarda təqdim etdiyi reklam süjetləri onu xeyli təəccübləndirib: “Bu mağazada Ermənistan məhsullarının satılması faktını aşkar edəndə, düşündüm ki, bu, bir təsadüfdü, yanlışlıqdı və yəqin ki, mağaza sahibinin bundan xəbəri olmayıb. Buna görə çıxıb Ermənistan məhsulu geyindirdikləri şəxslərdən üzr istəyib, bundan sonra idxal etdikləri mallarda daha diqqətli olacaqları barədə söz verəcəklər. Məntiqlə heç bir şəxs istəməz Bakıda Ermənistan məhsulu olsun. Lakin təəssüf ki, mağaza yaydığı məlumatda bütün məsuliyyəti öz boyunlarından atdı, əvəzində bizi yalançılıqda, təxribatda suçladı və digər yalan informasiyalar verdi. Necə ola bilər ki, adam öz utancverici hərəkətini ört-basdır etmək üçün başqa bir şəxsə, bir media orqanına qara yaxsın? Bu necə insanlıq, necə azərbaycançılıqdır? Əxlaqı yerində olan bir adam bunu edə bilərmi?”
E.Zahiroğlu deyib ki, o, öz işini yerinə yetirib. Həmin dükanlarda erməni mallarının satıldığı barədə məlumat alandan sonra, şəxsən OVS-in “Gənclik Mall”dakı dükanına getdiyini deyən müsahibimiz sözügedən informasiyanın doğruluğuna şahid olub: “Həmin malları tapıb şəkillərini çəkmişəm. Qeyd eləyim ki, mağazanın hər yerində kamera var. Yəni mənim ora getməyimi və şəkil çəkməyimi sübut eləmək çox sadə məsələdir. Qayıdandan sonra əməkdaşlarımız mağaza ilə əlaqə saxlayıblar. Onlar məlumatı qəti şəkildə təkzib ediblər. Ona görə də çəkdiyim şəkillə materialı yayımlamışam və bu məlumat rezonans doğurub. Bu elə bir materialdır ki, bunun təkzib edilməsi, üstəlik bizim ittiham olunmağımız ağlıma da gəlməzdi. Sonradan məlum oldu ki, məsələ ictimailəşəndən sonra həmin malları mağazalardan yığışdırıblar. Yəqin ki, aidiyyəti qurumlar istəsələr, kameralar vasitəsi ilə bunu aşkarlaya bilərlər. Mağaza sahibləri hər vəchlə elədikləri bu ayıb, həm də qanunsuz işləri ört-basdır etməyə çalışsalar da, fikrimcə, buna müvəffəq ola bilməyəcəklər. Çünki məsələ ictimailəşəndən sonra bir çox oxucularımız bizə məsələ ilə bağlı müraciətlər edirlər. Oradan aldıqları malların şəkillərini, videolarını göndərirlər. Həmin şəxslərdən biri bir neçə gün əvvəl həmin şalvardan övladı üçün aldığını yazmışdı. Biz ondan xahiş elədik və həmin məhsulu bizə təqdim etdi. Yəni bizim şəkillərimizin montaj, nə bilim qurama olduğunu iddia edən mağaza sahiblərinə və aidiyyəti qurumlara lazım olsa maddi sübutumuz da var. Hər halda “BakuPost”un tikiş sexinin olmadığını hamı bilir”.