Turizm bazarının inkişafı paytaxt Bakıda qonaqlama mərkəzləri arasında rəqabət və canlanmaya təkan verib. Belə ki, son bir ildə “booking.com” axtarış saytında qeydiyyatdan keçən qonaq evlərinin sayı nəzərəçarpan dərəcədə artıb.
“Qafqazinfo” sözügedən sayta istinadən bəzi nüansları təqdim edir:
Hostellərdə ötən illərə nisbətən həm qiymətlərin münasibliyi, həm də say baxımından yaranmış artım bu il müsbət dərəcədə özünü göstərə bilir. Odur ki, hazırda “booking.com”da Bakı şəhərində fəaliyyət göstərən 57 hostel qeydiyyatdan keçib ki, onlardan da 35-i qonaqlar tərəfindən 9 baldan yuxarı qiymətləndirilib. Nəticənin yüksək olmasına əsas səbəb isə təmizlik, gülərüz xidmət və ən əsası qonaq evlərinin daha çox mərkəzə yaxın ərazilərdə yerləşməsidir.
Bu yay ayları ərzində onların ümumilikdə 50%-dən çoxu rezerv olunub. Mərkəzdə yerləşən və qonaqlardan yüksək bal alan hostellərdə isə bu rəqəm xeyli yüksək- 90%-dən yuxarıdır.
Rəylərə nəzər saldıqda görə bilərik ki, qonaqların ölkəmizdə yerləşən təsislərdə ən çox bəyəndiyi xüsusiyyət təmizlikdir.
Qiymətlər isə gecəsi 10 AZN-dən başlayır. Belə ki, 6-8 kişilik yataqxanalar qiymətlərin uyğun olması baxımından daha çox seçilənlərdəndir.
Ancaq ailəli turistlər, xüsusilə də, ərəblər 4 və 5 ulduzlu otellərə üstünlük verir. Məlumat üçün onu qeyd edək ki, şəhər mərkəzində yerləşən məşhur otellərdən birinə yalnız “booking.com” vasitəsilə gün ərzində 66 rezervasiya olunub.
Saytda qeydiyyatdan keçmiş müxtəlif ulduzlu otellərin sayı isə 165-dir. Onların 83-nün bir gecəlik qiyməti 0 – 99 AZN arasında dəyişir. 23 oteldə bir gecəlik qiymətlər isə 390 AZN-dən çoxdur.
Son olaraq bugünkü tarixə nəzər saldıqda görərik ki, Bakı şəhərində fəaliyyət göstərən qonaq evlərinin 89%-i artıq rezervasiya olunub.
Günel Hacı