Azərbaycan və Rusiyada bizneslə məşğul olan şəxsin Biləcəridəki evindən içi dolu pulla seyfini oğurlayan dostuna hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, hadisə Binəqədi rayonu, Binəqədi şossesi, “Greenville” yaşayış kompleksində baş verib. Hadisəyə görə, 5 avqust 1997-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş Orxan S. saxlanılıb.
Məlum olub ki, təqsirləndirilən şəxs “Greenville” yaşayış kompleksində yaşayan biznesmen dostu, həmeyrlisi Kənana balıq tutmaq üçün Sabirabad rayonuna getməyi təklif edib. Onlar razılaşaraq, 24 aprel 2024-ci ildə Sabirabad rayonuna gediblər. Qərara gəliblər ki, 26 apreldə balıq tutmağa gedəcəklər.
Aprelin 25-də Orxan S. Bakıya qayıdaraq, səhər saat 9.00 radələrində 8-ci km bazarına gedib və oradan 12 manata lom alıb. Həmin lomla “Greenville” yaşayış kompleksində Kənanın evinin qapısını açaraq seyfini oğurlayıb. Daha sonra seyfi lomla açaraq, içərisindəki 75 min manat pulu götürüb. Seyfi isə “Greenville” yaşayış kompleksində zibilliyə atıb.
Orxan həmin pulun 15 min manatını atasına verib, 24.400 manatını Sabirabaddakı evində gizlədib. Qalan vəsaiti isə xərcləyib. Daha sonra heç nə olmamış kimi 26 aprel tarixində Kənanla balıq tutmağa gediblər. Həmin gün axşam saatlarında “Greenville” yaşayış kompleksinin komendatı Kənana evindən oğurluq olması ilə bağlı məlumat verib.
Aparılan araşdırma zamanı oğurluğu Orxan tərəfindən törətdiyi məlum olub. Məhkəmənin qərarı ilə Orxan Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və 6 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, evindən oğurluq edilən Kənan ticarətlə məşğul olur. Onun Bakıda qadın paltarları, Sabirabadda ərzaq mağazaları, Rusiyada isə başqa biznesi var. Onun Sabirabadın Ətçələr kəndindən olan dayısı Mirfəttah Sadıqov rayonda tanınmış şəxslərdəndir.