Bakıda aşpaz siqaret kötüyünə görə vətəndaşı döydü – İTTİHAM

Bakıda aşpaz siqaret kötüyünə görə vətəndaşı döydü – İTTİHAM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Pərviz Mirzəlinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

İttihama görə, hadisə 22 noyabr 2023-cü il tarixdə, saat 13:40 radələrində Yasamal rayonu ərazisində yerləşən “Mərcimək” fas-food restoranın qarşısında qeydə alınıb.

Belə ki, həmin obyektdə aşpaz işləyən, 1997-ci il təvəllüdlü Pərviz Mirzəli siqareti çəkdikdən sonra kötüyünü zibil qutusuna atıb. Lakin həmin qutu tüstülənməyə başlayıb. Bunu yuxarı mərtəbədə yaşayan zərərçəkmiş Ruslan Məmmədov isə irad tutub. Onların arasında mübahisə yaranıb, əvvəlcə Pərviz zərərçəkmişin ünvanına nalayiq söyüşlər işlədib. O, bununla kifayətlənməyərək Ruslanın üzərinə hücum çəkib şillə, yumruq və təpiklə zərərçəkmişin bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbə endirib.

 

Cinayət materiallarında qeyd olunub ki, hadisə küçədə baş verdiyindən oradan keçən şəxslər və səsə çıxan “Mərcimək” fas-food restoranının işçiləri onları ayıraraq kənara çəkməyə cəhd ediblər. Lakin Pərviz hüquqazidd əməllərini davam etdirib, yəni nalayiq ifadələr işlədib, zərərçəkmiş şəxsin üzərinə yenidən hücum çəkərək sifətinə şillə, sol ayağına təpik vuraraq alt dodağının içəri səthinin əzilmiş yarası və sol budun qançırı kimi sağlamlığa yüngül dərəcəli bədən xəsarəti yetirib.

 

Hadisədən sonra Pərviz Mirzəli cinayət məsuliyyətinə cəlb edilib.

 

Yasamal Rayon Məhkəməsinin hökmü ilə ona 2 000 manat məbləğində cərimə cəzasının təyin edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib.