“Çoxlarına bu fikir inanılmaz görünə bilər ki, Paşinyan vəziyyəti o həddə çatdıracaq ki, bütün beynəlxalq oyunçular Zəngəzurun Azərbaycan tərəfindən ələ keçirilməsi ilə bağlı razılığa gələcəklər”. Tribunainfo.az xəbər verir ki, bunu erməni ekspert Davit Mkrtçyan deyib.
O bildirib ki, Paşinyan Ermənistanı 2008-ci ildə Gürcüstanın düşdüyü “tələyə” salıb. “2018-ci ildə onlar deyirdilər ki, guya, “totalitar Azərbaycan regionda demokratiyanın qalası olan Ermənistana hücum etməyəcək”. Amma bunlar nağıl idi. İrəvan bu gün Gürcüstanın 2008-ci ildəki düşdüyü tələyə düşüb”.
Erməni ekspert qeyd edir ki, bu gün Ermənistanın qarşısına Rusiya təsirindən çıxması məsələsi qoyulur. “Və bunun üçün Paşinyana Qərb lazım idi ki, Əliyevi Ermənistana qarşı yeni müharibə cəbhəsi açmamağa məcbur etsin. Təbii ki, Qərbin bu istəyi Azərbaycanı maraqlandırmır. Çünki real siyasi həyatda bu və ya digər ərazinin işğal olunub-olunmayacağına qüvvələr nisbəti qərar verir. İndiki məqamda Azərbaycanın Ermənistana qarşı yeni hərbi əməliyyatlara başlamasına hələ də üç amil mane olur”.
Onun sözlərinə görə, birinci amil odur ki, Bakı bunu Moskva ilə razılaşdırmalıdır. “Məqsəd odur ki, Azərbaycanın bu addımı zamanı Rusiya Ermənistanı dəstəkləməsin”.
Mkrtçyan hesab edir ki, ikinci amil İranla Azərbaycan arasında razılaşmanın əldə olunmasıdır. “Əliyev Ermənistana hücum etməzdən əvvəl Zəngəzurdan keçən dəhliz ideyasını rədd edən İranla razılaşmalı olacaq. Düzdür, İran artıq İrəvanı amerikalıları bölgəyə gətirdiyi üçün xəbərdarlıq edib. Nəticədə, Tehran Bakının hərəkətlərinə göz yuma bilər”.
Erməni ekspert üçüncü amil kimi, Bakının Qərblə ortaq məxrəcə gəlməsini göstərir. “Əliyev Qərb mərkəzləri ilə məkik siyasətinə başlayıb ki, Azərbaycan Zəngəzuru ələ keçirsə, Qərb yeni Orta Dəhliz marşrutunun inkişafı üçün böyük fayda əldə edəcək”.