“Bakı-Tbilisi qatarının bərpasını gözləyirik” – Gürcüstan İqtisadiyyat Nazirliyi

“Bakı-Tbilisi qatarının bərpasını gözləyirik” – Gürcüstan İqtisadiyyat Nazirliyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, 2020-ci ilin martında Azərbaycanla Gürcüstan arasında qatarların hərəkəti koronavirus pandemiyası səbəbindən dayandırılıb. Bir müddət əvvəl Gürcüstanın İqtisadiyyat Nazirliyi qatarların hərəkətinin bu il mayın 1-dən bərpa ediləcəyini açıqlasa da, Bakı-Tbilisi-Bakı qatarının fəaliyyəti hələ də bərpa olunmayıb.

Tribunainfo.az xəbər verir ki, Gürcüstan İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən açıqlamada ölkələr arasında Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarının bərpası istiqamətində danışıqların davam etdirildiyi bildirilib.

Qeyd olunub ki, iki ölkə arasında sərnişin dəmir yolu xəttinin yenidən fəaliyyətə başlaması yalnız nəqliyyat baxımından deyil, həm də sosial və iqtisadi baxımdan böyük əhəmiyyət daşıyır:

“Biz Gürcüstan və Azərbaycan arasında sərnişin dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyirik. Bu təşəbbüs tərəfdaşlığımızın daha da möhkəmlənməsinə, xalqlarımız arasında əlaqələrin dərinləşməsinə və hər iki ölkədə turizm sektorunun inkişafına mühüm töhfə verəcək”.

Nazirlikdən bildirilib ki, Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarlarının fəaliyyətinin bərpası təşəbbüsü cari ilin iyul ayında Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvilinin Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər zamanı Gürcüstan tərəfi tərəfindən gündəmə gətirilib:

“Səfər çərçivəsində keçirilən görüşlərdən sonra məsələ daha geniş şəkildə, texniki detalları da daxil olmaqla, Tbilisidə Azərbaycan Dəmir Yolları rəhbərliyi ilə müzakirə olunub. Hazırda məsləhətləşmələr davam edir və biz Azərbaycan hökumətinin bu məsələ ilə bağlı qərarını gözləyirik”.