Ölkəmizin paytaxtı Bakı şəhəri növbəti beynəlxalq tədbirə ev sahibliyi edəcək. Belə ki, Azərbaycan-Kipr Dostluq Cəmiyyəti, Türkiyə Respublikası Sürücülük Təhsili iş Verənləri Həmkarlar İttifaqı, İstanbul Türkiyə Azərbaycan Mədəniyyət Dərnəyinin təşkilatçılığı və Azərbaycan Müstəqil Nəqliyyatçılar İctimai Birliyinin dəstəyi ilə “Türk Dünyasında Sürücülük Təhsili” adlı beynəlxalq konfrans keçiriləcək.Azərbaycan-Kipr Dostluq Cəmiyyətindən verilən məlumata görə, tədbirin əsas məqsədi Türk Dövlətlərinin bütün sahələrdə əməkdaşlığının inkişafında olduğu kimi müasir dövrdə sürücülük təhsili sahəsində də qarşılıqlı iş birliyinin yaradılmasına kömək etməkdir. Sürücülük təhsili sahəsində tətbiq olunan dünya standartlarının öyrənilib inteqrasiya edilməsi, xüsusi ilə yeni nəsil elektrikli və ağıllı avtomobillərin idarə olunması ilə bağlı ortaq təhsil proqramının tətbiqi sahəsində əməkdaşlığın yaradılmasıdır. Sürücülük məktəblərinin müəllim və rəhbərlərinin bir araya gələcəyi konfrans, 15 oktyabr 2024-cü il tarixdə Azərbaycan Memarlıq və İnşaat Universitetində keçiriləcəkdir.
Məlumata əsasən tədbirdə Türkiyənin keçmiş təhsil naziri, Türkiyə Millət Məclisinin təhsil komitəsinin sədri, millət vəkili Mahmut Özər, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə-Kipr parlamentlərarası dostluq qrupunun rəhbəri Orxan Ərdəm, Türkiyə təhsil nazirliyinin aidiyyatı departamentlərinin rəhbərləri, Şimali Kipr Prezidentinin müşaviri Muslu Akgüney, Şimali Kipr Türk Respublikası Nəqliyyat nazirliyinin əməkdaşları, Türkiyə və Şimali Kiprdən sürücülük təhsili verən məktəblərin 100-ə yaxın rəhbər və müəllim qatılacaql. Tədbirdə ölkəmizdə sürücülük təhsili sahəsində xidmət göstərən məktəblərin də təmsilçiləri iştirak edəcəkdir.