Bakı qırğınlarına görə Qorbaçovu öldürmək istəyən çilingər – Baş tutmayan sui-qəsd cəhdi…backend

Bakı qırğınlarına görə Qorbaçovu öldürmək istəyən çilingər – Baş tutmayan sui-qəsd cəhdi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Əslində, onun nə Azərbaycanla, nə də bir nəfər olsun belə azərbaycanlı ilə heç bir əlaqəsi olmayıb. Sadəcə o, bir sovet vətəndaşı olaraq Mixail Qorbaçovun günahsız insanları qırğına verməsini qəbul edə bilməyib. Məhz elə bu səbəbdən də Aleksandr Şmonov Qorbaçovu fiziki cəhətdən məhv etməyi qərarlaşdırıb.
Yəqin ki, 1990-cı ilin noyabrın 7-də Şmonovun Qorbaçova qarşı sui-qəsd cəhdi baş tutsaydı, SSRİ-nin taleyi də başqa səmtə yönəlcəkdi.
Bəs Qorbaçovun həyatına son qoymaqla tarixi öz axarından çıxarmaq istəyən Aleksandr Şmonov  kim olub?
1952-ci ildə Leninqradda anadan olan Aleksandr Şmonov ordu sıralarından tərxis olunduqdan sonra Leninqrad vilayətinin tabeliyində olan Kolpino şəhərindəki “İjor” zavodunda çilingər işləyib. 1980-ci illərin ikinci yarısından Şmonov Rusiya Sosial-demokrat Partiyasının sıralarına daxil olub. Elə həmin dövrdən də Qorbaçov siyasətinə qarşı tənqidi fikirləri ilə təbliğat aparıb. Artıq 1990-cı ilin əvvəllərindən o, gizli şəkildə Qorbaçovun məhv edilməsinin labüd olmağı ilə bağlı vərəqələrin paylanmasına nail olub. Nəhayət siyasi mübarizənin sonuncu addımı kimi ölkənin birinci şəxsini öldürməyə qərar verib.
Şmonov sui-qəsdi reallaşdırmaq üçün həmin dövrdə SSRİ-də çətin tapılan alman istehsalı olan qoşa lüləli tüfəng alıb. O, bu silahın alınmasına 900 rubl xərcləyib. Silahla rahat hərəkət etmək üçün Şmonov tüfəngin lüləsini kəsərək onu qısaldıb. Sui-qəsdi həyata keçirmək üçün ən münasib vaxtın noyabrın 7-də, Qırmızı meydanda keçirilən nümayiş  olduğunu müəyyənləşdirən Şmonov öz xarici görünüşünü dəyişmək haqda da düşünüb. O, bu məqsədlə parik və süni bığ əldə edib.
Noyabrın 5-də Aleksandr Şmonov Moskvaya gəlib. Noyabrın 7-də səhər hazır vəziyyətdə nümayiş iştirakçılarının arasında özünə mövqe seçib.
Saat 11:09-da Şmonov nümayişçilərlə birlikdə başda Qorbaçov olmaqla SSRİ rəhbərliyinin dayandığı mavzoley tribunasına yaxınlaşıb. Tribunaya 45-50 metr qalmış o, silahı çıxararaq atəş açıb. Ancaq elə həmin andaca milis serjantı Mılnikov cəld hərəkəti ilə silahın səmtini dəyişə bilib. Açılan atəşdən biri havaya uçub, digəri isə univermaq binasının divarına dəyib.
Ekspertlərin verdikləri rəyə görə bu sui-qəsdə cəhdlə Qorbaçovun öldürülməsi mümkünsüz sayılıb. Çünki Qorbaçovun altdan zirehli geyimi olub. Digər bir tərəfdən isə silahın lülələri həddindən artıq çox kəsilib.
Aleksandr Şmonov törətdiyi hadisədən əvvəl kiçik bir yazı qoyub: “Əgər bu hadisə zamanı ölərəmsə, əvvəlcədən məlumat üçün bildirirəm ki, mən SSRİ prezidenti Mixail Qorbaçovu öldürmək istəyirdim”.
Şmonov sonrakı ifadələrində qeyd edib ki, Qorbaçovu öldürməyə nail olsaydı elə həmin andaca ikinci hədəfi SSRİ Ali Sovetinin sədri Anatoli Lukyanov olacaqdı.
Qorbaçova qarşı hansı səbəbdən sui-qəsd törətmək istədiyi ilə bağlı suala isə Şmonov belə cavab verib:
“Mən Qorbaçovun SSRİ-də yaratdığı totalitar rejiminə qarşı mübarizə aparırdım. 1989-cu ilin aprelin 9-da Tbilisidə, 1990-cı ilin yanvarın 20-də Bakıda törədilmiş qırğınlar zamanı günahsız insanların ölümü məni bu addımı atmağa vadar etdi. Bütün bu hadisələrin günahkarı məhz Qorbaçovdur. Bunlara görə mən Qorbaçovu fiziki cəhətdən məhv etmək istəyirdim. Törətdiyim əmələ görə isə heç bir peşmançılıq hissi keçirmirəm”.
Həbs olunan Aleksandr Şmonov bir ilə yaxın həbsxanada qaldıqdan sonra onu ruhi xəstə kimi psixiatriya xəstəxanasına göndəriblər. Bu Qorbaçovun təşəbbüsü ilə edilib. Belə ki, Qorbaçov Şmonovu xəstəxanaya göndərməklə onun ruhi xəstə olduğunu və ona qarşı sağlam düşüncəli insanın sui-qəsd edəcəyinin mümkünsüz olduğunu bildirmək istəyib. Ömrünün 4 ilini xəstəxanada keçirdikdən sonra Şmonov xəstəxanadan buraxılıb.
Aleksandr Şmonov azadlığa çıxdıqdan sonra çilingər işləyib, daha sonra şəxsi təmir-tikinti şirkəti yaradıb. Bir neçə ildən sonra isə yenidən ictimai fəaliyyətə başlayıb. 1999-cu ildə Dövlət Dumasına seçkilərə qatılmaq istəyib. Ancaq yerli seçki dairəsindən qeydiyyata alınmağında problemlər yaranıb. Bundan sonra o, insan hüquqlarının müdafiəsi ilə məşğul olub və bir neçə ictimai-siyasi təşkilat yaradıb.
Qeyd edək ki, 1990-cı il noyabrın 7-də Mixail Qorbaçova qarşı sui-qəsd cəhdi ilə bağlı ictimaiyyətə geniş məlumat verilməyib. Elə həmin günün axşamı “Vremya” xəbərlər proqramında qısa bir informasiya səsləndirilib:
“Bayram nümayişi zamanı Qırmızı meydanın univermaq ərazisində atəş səsləri eşidilib. SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin mətbuat xidmətinin məlumatına görə ov tüfəngindən havaya iki dəfə atəş açan Leninqrad şəhər sakini saxlanılıb. Zərərçəkən olmayıb. Araşdırma aparılır”.
Halbuki, bu hadisənin qurbanı SSRİ-nin ilk və son prezidenti, Bakı qırğınının müəllifi Mixail Qorbaçov olmalıydı…
Mənbə: Musavat.com