Bakı Mühəndislik Universiteti (BMU) yeni tenderinin nəticələrini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, bu barədə açıq mənbələrdə məlumat yayılıb.
Məlumatda bildirilir ki, universitet elmi tədqiqat laboratoriyaları üçün avadanlıqları satın alacaq. Bununla əlaqədar “ULTRA TECHNOLOGİES” MMC ilə 176.818,28 manatlıq satınalma müqaviləsi imzalanıb.
Tribunainfo.az xəbər verir ki, qalib şirkətin sahibi sırasında deputatlardan birinin adı çəkilir. Belə ki,”Ultra Technologies” şirkəti barədə açıq mənbələrdə qeyd olunur ki, MMC 11 aprel 2000-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manat olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45V, mənzil 48-də yerləşir. MMC-nin qanuni təmsilçisi Zülfüqarlı Məhəmməd Zülfüqar oğludur.
O, eyni zamanda MSM MMC-nin qanuni təmsilçisidir. Bu şirkət 2 may 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manatdır. Şirkətin hüquqi ünvanı Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 38, mənzil 25-də yerləşir.
Açıq mənbələrdə bildirilir ki, Məhəmməd Zülfüqarlı hər iki şirkətin rəhbəri olsa da, sahibi deyil. Bu şirkətlərin sahibi kimi deputat Tahir Mirkişilinin adı çəkilir. Bu da onunla bağlıdır ki, Tahir Mirkişilinin tərcümeyi halında onun 2000-2011-ci illərdə “Ultra Computers” MMC-də mühəndis, daha sonra direktor vəzifələrində işlədiyi göstərilir.