“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti “Metro İstanbul A.Ş.” ilə müqavilə bağlayıb.
Tribuna İqtisadiyyat.az-a istinadən xəbər verir ki, müqavilədə “Bakı Metropoliteni”nin Genişləndirilməsi Layihəsi – Mühəndislik Layihəsi Məsləhət xidmətlərinin satın alınması nəzərdə tutulur.
Müqaviləyə əsasən, “Metro İstanbul” “Bakı Metropoliteni”nin genişləndirilməsi layihəsi çərçivəsində mühəndislik işləri üzrə 586 500 manatlıq məsləhət verəcək.
“Metro İstanbul”un baş direktor müavini Fatih Gültekin daha bir beynəlxalq müqavilə imzalamaqdan və Bakının inkişafına dəstək olmaqdan məmnun olduqlarını bildirib.
Xatırladaq ki, hələ bu ilin aprelində “Bakı Metropoliteni” QSC-də “Metro İstanbul”un nümayəndə heyəti ilə işgüzar görüş keçirilib. Tərəflər İstanbul metrosunun son illərdəki inkişaf təcrübəsi və Azərbaycanın 2025-2030-cu illər üzrə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini nəzərdə tutan Dövlət Proqramı kontekstində əməkdaşlıq perspektivlərini də nəzərdən keçiriblər.










