Bakı meriyasının 71 yaşlı məşhur məmuruna “stop” qoyuldu

Bakı meriyasının 71 yaşlı məşhur məmuruna “stop” qoyuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakı Şəhər İcra Hakimiyyəti tabeçiliyində yaradılan “İnterservis” Xidmət Departamentinin rəhbəri Nazim Əsgərovun ölkədən çıxışına məhdudiyyət qoyulub.
Qaynarinfo-nun məlumatına görə, buna səbəb Nazim Əsgərovun rəhbərlik etdiyi qurumun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi borcunun olmasıdır.
Belə ki, “İnterservis”in İcbari Tibbi Sığorta Fonduna 1.226,14 manat, İşsizlikdən Sığorta Fonduna 5,89 manat, Dövlət Sosial Müdafiə Fonduna 8.730,65 manat, dövlət büdcəsinə 2.665,70 manat məbləğində (o cümlədən, vergilər üzrə 2.120,69 manat, faizlər üzrə 545,01 manat) olmaqla, ümumilikdə 12.628,38 manat borcu qalıb.
Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə xəbərdarlıq edilməsinə baxmayaraq, Nazim Əsgərov tərəfindən bu təmin edilməyib.
Məhkəmənin qərarı ilə 1954-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olan Nazim Əsgərovun ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılıb.
Qeyd edək ki, Nazim Əsgərov 2013-cü ildə sözügedən vəzifəyə təyin edilib. O, əvvəllər Bakı şəhər Nəqliyyat Departamentinin rəisi vəzifəsində də çalışıb. “Tapança Nazim” kimi tanınan məmur 2014-cu ildə açıqlamasında bu ləqəbi ona verən şəxs haqqında “başını böyük daşa döyüb” ifadəsini işlədib.
Xatırladaq ki, son günlər Bakı Şəhər İcra Hakimiyyəti tabeçiliyində çalışan qurumlar maliyyə sanksiyaları ilə gündəmə gəlir. Sözügedən qurumların Dövlət Vergi Xidmətinə külli miqdarda vergi borcunun olması və vergidən yayınma halları aşkarlanması üzə çıxıb.