Xüsusilə Bakı məktəblərdində illərdir şagird sıxlığı müşahidə edilir. Qəzalı olan məktəblər təmirə bağlandığı halda həmin məktəblərin şagird və müəllim kollektivi yaxınlıqdakı başqa məktəblərə köçürülür ki, bu da sıxlığı daha da artırır və əlavə problemlər yaradır.
Bəs bu problemlərin aradan qaldırılması üçün aidiyyəti qurumlar tədbirlər görürmü?
Mövzu ilə bağlı Tribunainfo.az-a açıqlama verən təhsil üzrə ekspert Elşən Qafarov bildirib ki ölkənin ən çox şagird sıxlığı olan ərazisi Bakı şəhəridir və şəhərdə əlavə məktəblərə böyük ehtiyac var:
“Dövlət əslində məktəblərdə sıxlığın aradan qaldırılması üçün müəyyən işlər görür. 2024-2025-ci il tədris ili üçün Bakı şəhərində 10 yeni məktəb tikilib istifadəyə verilib. Bura hələ korpus əlavə edilən, təmir edilən məktəbləri əlavə etmirəm.
Ancaq əlbəttə ki, elə məktəblər var ki, binasının vəziyyəti günün tələblərinə cavab vermir və sökülüb yenidən tikilir. Adətən məktəblər sökülüb tikilərkən şagird və müəllim kollektivi yaxınlıqdakı məktəblərə yerləşdirilir. Konkret olaraq da vaxt müəyyən edilir ki, bu vaxta qədər məktəb təhvil veriləcək. Bu da 1 ildən artıq davam etmir.
Əgər bir məktəbin tikintisi müəyyən edilmiş vaxtdan çox gec təhvil verilirsə, demək ki, orada əlavə problemlər var. Tikintinin və təmirin bu qədər yubanması əlbəttə ki, yaxşı hal deyil. Aidiyyəti orqanlar buna operativ reaksiya verməlidir. Əgər məktəb müəyyən edilmiş tarixdə təhvil verilməyibsə, bununla bağlı aidiyyəti qurum açıqlama verməli, məktəbin müəllim və şagird kollektivini məlumatlandırmalıdır.
Onsuz da şagird sıxlığından əziyyət çəkən məktəblərə başqa məktəb kollektivlərinin də birləşdirilməsi dərs keyfiyyətini də aşağı salır, nizam-intizamı da problemli hala çevirir”.
Nigar İxtiyarqızı