Paytaxtın müxtəlif mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə iyunun 26-da hərbi qulluqçuların yürüşləri başlayıb.
Tribunainfo.az xəbər verir ki, 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə keçirilən yürüşlərdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra isə hərbçilərin beş marşrut üzrə yürüşlərinə start verilib.
Hərbçilərin marşrutlar üzrə Bakıdakı yürüşləri saat 12:00-dək davam edəcək.
Yürüşlər Bakıda Heydər Əliyev sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı – “AMAY” ticarət mərkəzi, Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – “İçərişəhər” metrostansiyası – Qala qapısı – Azərbaycan Dövlət Kukla teatrı – Azneft dairəsi – Bəhram Gur heykəli, Qəzənfər Musabəyov parkı – Əbdürrəhim bəy Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı – Parlament prospekti – Şəhidlər Xiyabanı, “Olimpik Star” İdman və Əyləncə Mərkəzi – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər Əliyev Sarayı – İmadəddin Nəsimi heykəli – Neftçilər prospekti, Nəriman Nərimanov heykəli – Mərkəzi park – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı – Qış parkı – Heydər Əliyev sarayı – Azərbaycan Respublikasının Mərkəzi Bankı – 28 Mall Ticarət Mərkəzi marşrutları üzrə şəxsi heyətin yürüşləri təşkil edilir.
Qeyd edək ki, bu gün, həmçinin saat 19:00-dan 21:00-dək Sumqayıt Dənizkənarı Bulvar ərazisi, Gəncə, Şuşa şəhərləri və Bərdə rayonunun mərkəzi küçə və prospektlərində müəyyənləşdirilmiş yerlərdə orkestrlərin nümunəvi çıxışları olacaq.