Azərbaycanın Ermənistana qarşı tranzit yükləri ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırması sülh prosesində tarixi bir addımdır. Artıq İrəvan blokadadan çıxarılır və Qazaxıstan taxılı ilk dəfə Azərbaycan üzərindən Ermənistana daşınacaq. Bu qərar Ermənistanda da alqışlanıb. Hesab edirəm ki, top qarşı tərəfin meydanındadır və Paşinyan da Zəngəzur dəhlizinin açılışını sürətləndirməlidir.
Bu sözləri Tribunainfo.az-a açqıalamsında politoloq Qabil Hüseynli bildirib. O əlavə edib ki, Ermənistan uzun illər işğalçı siyasəti ucbatından özünü 30 ildən çox blokadaya salmışdı:
“İndi işğal faktına son qoyulub və sülh anlaşması gündəmdədir. Azərbaycan isə Ermənistana jest edib — faktiki olaraq qazax çörəyini erməni xalqına çatdıracaq. Ermənilər görməlidirlər ki, bizə qarşı etdikləri bütün düşmənçiliklərə baxmayaraq, Azərbaycan xoşməramlı addım atır”.
Politoloqun sözlərinə görə, bu qərar təkcə iqtisadi deyil, həm də siyasi baxımdan mühüm əhəmiyyət daşıyır:
“Qadağanın aradan qaldırılması Ermənistanda keçiriləcək seçkilərə də təsir göstərə bilər. Paşinyan bu nümunə ilə erməni xalqına göstərir ki, sülh və əməkdaşlıq onlara yeni imkanlar qazandıra bilər”.
Qabil Hüseynli əlavə edib ki, Azərbaycan regionda dayanıqlı sülhün və iqtisadi inteqrasiyanın tərəfdarıdır. Onun fikrincə, Bakı tərəfindən atılan bu addım Zəngəzur dəhlizinin açılması üçün də mühüm siqnaldır:
“İndi əsas məsuliyyət İrəvanın üzərinə düşür. Ermənistan konstruktiv mövqe sərgiləsə, həm iqtisadi blokadadan tam qurtular, həm də regionda uzunmüddətli sülhün təməlini qoymaq mümkün olar”.
Gülşən Rəsul