ABŞ-da keçirilən son prezident seçkilərində respublikaçı Donald Tramp prezident seçildi. Demokratların namizədi Kamala Harrisi məğlub edən Trampın ikinci prezidentlik dövründə hansı addımlar atacağı, nə kimi strategiya götürəcəyi, xüsusən də Cənubi Qafqazla bağlı Ağ Evin hansı siyasət yürüdəcəyi müzakirə mövzularındandır.
Tribunainfo.az xəbər verir ki, Tramp seçilsə də, səlahiyyətlərinin icrasına yanvarda başlayacaq. Buna qədər onun verdiyi açıqlamaların isə əsas tezislər və ya siyasi iqtiamətləri müəyyən etmək üçün kifayət etmədiyi aydındır. Lakin bəzi məqamlara diqqət yetirilərsə, dünyada hansı proseslərin cərəyan edəcəyini müəyyən qədər demək üçün imkanlar var.
Yeni prezident seçki kampaniyası ərəfəsində əsas vurğunu dünyada müharibələrə son qoyacağı fikrinin üzərinə qoymuşdu. Tramp Rusiya-Ukrayna müharibəsini dayandıracağını bildirsə də, bunun mexanizmləri barədə danışmayıb.
Amma bizi maraqlandıran əsas məsələ Trampın siyasətinin Cənubi Qafqaza, xüsusən də Azərbaycana təsirləri ilə bağlıdır. Dünya çapında müzakirələrdə iştirak edən ekspertlərin əsas yanaşması budur ki, ABŞ-ın yeni prezidentinin yeni siyasəti Qafqazda bəzi tarazlıqları dəyişdirə bilər. Hətta o fikirdə olanlar da var ki, Azərbaycan, Gürcüstan və Ermənistan əvvəlki dönəmlərdə olduğu kimi, Rusiyanın siyasi maraq dairəsinə qaytarılacaq.
Qeyd edək ki, 2016-2020-ci illərdə Tramp hakimiyyətdə olarkən Bakı ilə Vaşinqton arasında müəyyən fikir ayrılıqları olsa da, ciddi toqquşmalar baş verməyib. Əksinə, 44 günlük Vətən Müharibəsi zamanı Ağ Evin proseslərə müdaxilə etməməsi məhz Trampın dönəmində reallaşıb. Halbuki böyük əksəriyyət, xüsusən də erməniləri əmin idilər ki, Vaşinqton Azərbaycana qarşı çəkindirici gücdən istifadə edəcək.
Trampın prioritet mövzuları arasında insan haqları məsələsi olacaq. Lakin demokratların dönəmindəki kimi, sərt və rutin mövzu olmayacaq. Yəni, hadisələr öz hədəqəsindən çıxdıqda, Ağ Ev müdaxilə edəcək ki, vəziyyəti nizama salsın.
Amma Trampın qarşısında duruna bir neçə vacib məsələ var. Onlardan biri ABŞ-Çin münasibətləridir. Vaşinqton Pekinin artan iqtisadi və siyasi gücündən ciddi narahatdır. Tayvan məsələsini də buraya əlavə edərsək, ABŞ-ın Sakit okean hövzəsində bəzi tarazlıqları nizama salmasının vacib olduğunu görə bilərik.
İkinci mühüm məsələ Yaxın Şərqdəki durumdur. Bu bölgədə müharibənin yayılma riski həddindən artıq çoxdur. İsrail və İran arasında artan gərginlik isə müdaxilənin vacib olduğunu göstərir. Aydın məsələdir ki, Tramp İsraili dəstəkləyəcək və müttəfiqi olaraq yardımlarına da davam edəcək. Amma paralel olaraq İranla da münasibətləri sahmana salmağa çalışacaq. Bir şərtlə ki, Tehran nüvə iddiasından geri çəkilməli və bəzi güzəştlərə getməlidir. Hərçənd Tehrandan gələn xəbərlərdən də belə görünür ki, sanksiyalar altında inildəyən İran ABŞ-la danışıqlar aparmağa hazırdır.
Rusiya-Ukrayna müharibəsi isə üçüncü vacib məsələlərdən biridir. Ağ Ev müharibə məsələsində hansı yanaşmanı tutaraq, iki ölkəni barışdırmağa çalışacağını hələ açıqlamayıb. Lakin aydın olan odur ki, Vaşinqton Moskva ilə dərin konfliktə getmək fikrində olmayacaq. Bu da onunla bağlıdır ki, Çinlə məsələnin həlli dönəmində ABŞ-a əlavə gərginlik mənbəyi lazım deyil.
Məhz bu aspektdən çıxış edən bəzi ekspertlər hesab edirlər ki, Rusiya yaranmış vəziyyətdən xeyrinə istifadə edərək, bir çox geosiyasi məkanlarda həm nüfuzunu, həm də təsir imkanlarını artıracaq. Bu bölgələrdən biri də Qafqaz olacaq. Hətta belə bir fikir də var ki, dünyada təsir dairələrinin yeni bölünməsi nəticəsində Cənubi Qafqaz Rusiyanın nəzarətinə keçəcək. Bir qədər də irəli gedərək o fikirdə olanlar da var ki, ABŞ Rusiyanın postsovet ölkələri ilə daha dərin inteqrasiyaya getməsinə imkan verəcək.
Bu fonda, Cənubi Qafqazın üç ölkəsinin vəziyyəti necə olacaq? Əksər ekspertlər ən yaxşı durumda Azərbaycanın olduğunu bildirirlər. Onlar hesab edirlər ki, Bakı ilə Moskva arasında münasibətlər bütün sahələrdə çox yaxşıdır, tərəflər arasında müttəfiqliyə dair saziş var, enerji və iqtisadi əlaqələr üst səviyyədədir. Ona görə də, Azərbaycanı ciddi hər hansı sıxıntı gözləmədiyini qeyd edirlər.
Gürcüstana gəldikdə ekspertlər qeyd edirlər ki, Tiflisdəki son seçkilər bu ölkənin taleyini müəyyən etdi. Onlar hesab edirlər ki, Gürcüstan ikinci Ukrayna olmaqdan yayınaraq, anti-Rusiya trampilininə çevrilmədi.
Qafqazda durumu ağır görünən isə Ermənistandır. Rusiyaya qarşı açıq ritorika ilə danışan, Moskva ilə hesablaşmayan, Qərb üçün Ermənistanda geniş şərait yaradan Paşinyanın Ağ Evdən əvvəlki dəstəyi ala biləcəyi ekspertlər tərəfinən şübhəli görünür. Onlar deyirlər ki, İrəvandakı hökumətin yaxın gələcək üçün istefa verərərək, yerini ruspərəstlərə verməsi qeyri-real görünmür.
Azərbaycan-Ermənistan sülh müqaviləsinə gəlincə isə məsələ ilə bağlı ümumi yanaşma budur ki, Tramp hakimiyyəti Baydendən fəqrli olaraq, bu prosesə ciddi maraq göstərməyəcək. Onların sözlərinə görə, ABŞ-ın yeni hökuməti iki ölkə arasında münaqişənin baş verməsinə imkan verməməklə yanaşı, anlaşmalarına da qarışmayacaq.