Ermənistan və Rusiya arasında vahid ordu birləşmələrinin yaradılması çox az şeyi dəyişdirəcək.
Ermənistan və Rusiya arasında vahid ordu birləşmələrinin yaradılması çox az şeyi dəyişdirəcək.
TİA.AZ xəbər verir ki, bunu “1in.am” saytına müsahibəsində rusiyalı hərbi ekspert Pavel Felgenhauer söyləyib. Ekspertin fikrincə, Rusiya Ermənistanla birgə vahid ordu birləşmələri yaratmaqla özünün bölgə üçün hesablanmış planlarını həyata keçirir:
“Qruplaşmanın dinc dövrdə yaradılması erməni hərbçilərinin Rusiya hərbi maşınına daha dərin inteqrasiyası şəklində izah edilməlidir. Bir şey anlamaq lazımdır ki, vahid ordu qruplaşmasında əsas şərt vahid komandanlığın əmrlərinin icra edilməsidir. Əslində isə bu, mümkün olmayacaq. Milli kontingentlərin hər biri ilk növbədə öz siyasi rəhbərliklərinin əmrlərini yerinə yetirəcəklər. Buraya Moskva ilə razılaşdırılandan sonra erməni general komandan təyin ediləcək, amma aydındır ki, rus hərbçilər Moskvanın icazəsi olmadan erməni əmrlərini yerinə yetirməyəcəklər. İnteqrasiya daha dərin qarşılıqlı fəaliyyətdir, lakin burada məqsədlər ayrıdır. Moskva ümid edir ki, bu və ya digər formada sovet dövründə olduğu kimi, Zaqafqaziya Hərbi Dairəsi yaradacaq və vahid qruplaşmanın tərkibinə təkcə Ermənistan yox, gələcəkdə Azərbaycan və Gürcüstanı da cəlb edə biləcək. Bu, Rusiyanın uzunmüddətli planıdır. Moskvanın fikrincə, yaradacağı dairənin tərkibində Azərbaycan və Gürcüstan da olmalıdır ki, Zaqafqaziya regionunda sovet sərhədləri tam təmin edilə bilsin. Ermənistan və Rusiya arasında yaradılan vahid ordu birləşməsi Qarabağda sülhməramlı kimi yerləşdirilə bilməz. Qarabağda sülhməramlılar yalnız Bakının icazəsi ilə mövcud ola bilər. Rusiyalı sülhməramlılar Qarabağda olmayacaq və olsa belə, sözsüz ki, onlar Ermənistan-Rusiya vahid ordu birləşmələrinin tərkib hissəsi olmayacaqlar”.