Beynəlxalq münasibətlərdə ikili standartlara son qoyulmalı və birmənalı olaraq Ermənistana sanksiyalar tətbiq olunmalıdır.
Beynəlxalq münasibətlərdə ikili standartlara son qoyulmalı və birmənalı olaraq Ermənistana sanksiyalar tətbiq olunmalıdır.
Bu sözləri Axar.az-a açıqlamasında Ermənistanın eks-prezidentinin son çıxışlarına münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. XİN rəsmisi vurğulayıb ki, işğalçı və təcavüzkar dövlətlərə qarşı sanksiyaların tətbiq olunması rejimi BMT nizamnaməsi ilə təsbit olunub:
“Ermənistan işğalçı və təcavüzkar dövlətdir, ona görə də bu ölkəyə sanksiyalar tətbiq edilməlidir. Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət tərəfindən bir çox hallarda ikili standartlara yol verilir. Məhz bunun nəticəsidir ki, bu gün Ermənistana sanksiyalar tətbiq olunmur”.
XİN sözçüsü Ermənistana sanksiyaların tətbiqi üçün Azərbaycanın hansı addımlar atdığına da aydınlıq gətirib:
“Hesab edirəm ki, Azərbaycan hazırda Ermənistana sanksiyaların tətbiq olunması istiqamətində bütün mövcud imkanlardan istifadə edir. Müvafiq beynəlxalq təşkilatların və BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələri var. Beynəlxalq münasibətlərdə ikili standartlara son qoyulmalı və birmənalı münasibət bildirilməlidir ki, əgər Ermənistan işğala və təcavüzə son qoymayacaqsa, sanksiyalar tətbiq olunacaq”.
Qeyd edək ki, Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan Ermənistan İctimai Televiziyasına müsahibəsində qısa vaxtda Dağlıq Qarabağ ətrafındakı 7 rayonun azad edilməyəcəyi təqdirdə beynəlxalq aləmin sanksiyalarla Ermənistanı buna məcbur edəcəyini açıqlayıb.