Ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılan “Bakı Abadlıq Xidməti” MMC ilə bağlı işə 17 yanvar tarixində baxılsa da, qərar qəbul edilməyib. MMC ilə bağlı iş yanvarın 31-i tarixində təyin edilib.
Tribunainfo.az xəbər verir ki “Bakı Abadlıq Xidməti” MMC İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
MMC ilə bağlı işə Bakı Apellyasiya Məhkəməsində baxılır. İş hakim Elbəy Allahverdiyevin icraatındadır.
Xatırladaq ki, İXM-nin 430.4-cü maddəsinə əsasən, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gətirilməlidir. Əgər mal ölkəyə gətirilmirsə sifarişi verən şirkət cərimələnir. İki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir.
Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb.
Qeyd edək ki, cərimələnməsi gözlənilən “Bakı Abadlıq Xidməti” MMC-nin direktoru Bünyad Qasımovdur.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən