Bahar Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin ediləndən bu yana qurum 50 satınalma müsabiqəsi keçirib. Tribunainfo.az Reportyor.info-ya istinadla məlumat yayıb.
Bağlanmış satınalma müqavilələrin toplam maliyyə dəyəri 10 274 276,52 AZN təşkil edir.
Bahar Muradova 12 mart 2020-ci ildə sözügedən komitənin sədri vəzifəsinə təyinat alıb. Onun təyinatı hakimiyyətin başlatdığı islahatlar kampaniyası dövrünə təsadüf edir.
Saytın məlumatına görə, məsələnin maraqlı tərəfi budur ki, 2020-ci ildə məişət zorakılığını qurbanı olmuş qadınların sayı 41 nəfər olub. Onlar yaxınları tərəfindən qətlə yetirilib. 2021-ci ildə, yəni, Bahar Muradovanın 1 illik fəaliyyəti dövründə isə 70-dən artıq qadın məişət zorakılığının qurbanı olub.
Təkcə 2023-cü ilin iyul ayında məişət zorakılığı ilə bağlı mediada yer alan materiallara diqqət etdikdə məlum olur ki, zərərçəkənlərin sayı 30-dan artıqdır.
Narkomaniya ilə bağlı da oxşar vəziyyətdir. Hər gün hüquq-mühafizə orqanları onlarla narkotik aludəçisi, eyni zamanda onun satışı ilə məşğul olanları həbs edir.
Ötən il ərzində narkotiklərlə əlaqəli 10493 fakt qeydə alınıb. 8 535 nəfər isə məsuliyyətə cəlb olunub. Bunlardan 228 nəfəri qadındır.