Maaş aldığınız gün bazarlıq etməyin
Hamımız qənaət sisteminə keçmişik. Manatın devalvasiyası, gün-gündən özünü göstərən bahalaşma insanımızın maddi durumuna mənfi təsir göstərir. Qazanc artmır, amma əvəzində xərclər artır. Odur ki, ailələr daha çox qənaət, daha az xərc taktikasına keçir.
Maaş aldığınız gün bazarlıq etməyin
Başlayaq ailə kassasından. Ailədə ortaq kassanın olması mütləq şərtdir. Bu halda ailə üzvləri xəzinəyə eyni vəsait qoyur. Bu, ailənin ümumi xərclərinə yönəldilir. Əsas məqsəd ay ərzində xərcləri həmin məbləğə uyğunlaşdırmaqdır. Yerdə qalan pullar ailə üzvlərinin şəxsi büdcələrini təşkil edir.
Mağazaya heç vaxt ac getməmək və ya maaş günü heç bir alış-veriş etməmək də vacib şərtlərdən biridir. Bu halda lazımsız xərclərin sayı artır. Belə günlər insan lazımsız xərcləmələr edir. Qarderobda qənaət etmək üçün çoxfunksiyalı geyimlərə üstünlük vermək, küçədə yolüstü xırda-xuruş almamaq da məsləhətlər sırasındadır.
Ekspertlər məsləhət görür ki, gündəlik xərclərinə nəzarət edə bilməyənlər, aylıq olaraq qida, yol, xırda-xuruş üçün lazım olan məbləği müəyyənləşdirsin.
Qənaət məsələsində maşın sahiblərini də unutmamaq lazımdır. Belə ki, benzinə qənaət etməyin yolları da var və bu, ekspertlər tərəfindən müəyyənləşdirilib. Araşdırmalara görə, sürücülər bəzi tövsiyələrə əməl etdikdə yanacaq sərfinə 40 faiz qənaət edə bilərlər.
Bəzi sürücülər avtomobilin yanacaq sərfinin yalnız modelindən və texniki göstəricilərindən asılı olaraq artıb-azaldığını düşünürlər. Ustalar deyir ki, sürücülər bəzi qaydalara əməl edərsə, yanacağa 40 faizədək qənaət edərlər.
Yanacaq sərfi avtomobil tıxacda olduğu zaman artır. Ancaq sürücülər belə vəziyyətdə də qənaət edə bilərlər. Bunun üçün qarşıdakı avtomobillə ara məsafəsini elə saxlamaq lazımdır ki, tez-tez əyləci sıxmağa ehtiyac qalmasın. Sürəti tədricən azaltmaq və tədricən artırmaq lazımdır. Yanacağa qənaət etməyin digər bir yolu avtomobilin hava süzgəclərini təmiz saxlamaqdır.
Kondisionerdən istifadə də maşının yanacaq sərfinə təsir göstərir. Kondisioner işlətmək yanacaq sərfini şəhər kənarında 3-4, şəhər içində isə 10 faiz artırır.
Kuzələr və ilginc qənaət prinsipi
Ekspertlərin “kuzə prinsipi”ni də yaddan çıxarmamaq lazımdır. Burda da qeyd olunur ki, birinci kuzə büdcənin 55 faizini təşkil edir. Burada olan pullar gündəlik, kommunal xərclər, həmçinin kirayə, nəqliyyat, vergi və ərzaq məhsulları üçündür.
İkinci kuzə əyləncə üçündür, büdcənin 10 faizini təşkil etməlidir. Büdcənizin bu hissəsi gec-gec alınan şeylər və nadir hallarda edilən işlər üçündür. Məsələn, siz xoşunuza gələn bir rəsm əsərini ala, yaxud şənbə-bazar günləri bir yerə istirahətə yollana bilərsiniz. Ümumiyyətlə ürəyiniz necə istəyir elə də xərcləyin.
Üçüncü kuzə isə yığmaq üçün nəzərdə tutulub və büdcənin 10 faizini təşkil edir. Bu sizin gələcək maliyyə müstəqilliyinizin zəmanətidir. Bu bankada olan pullar investisiya, yaxud passiv gəlir mənbəyi üçün istifadə olunacaq.
Dördüncü kuzə təhsil sahəsinə yönəlib. Bu da büdcənin 10 faizidir. Bu qabda olan pullar sizin gələcək təhsiliniz və şəxsi inkişafınız üçündür. İnvestisiya – pulları qoymaq üçün əla üsuldur, siz isə ən qiymətli aktivsiniz. Bunu heç bir zaman unutmayın. Bu maliyyəni kitab, disk almağa, yaxud kurslara xərcləyin. Bunun əvəzi sonra ödənəcək.
Beşinci kuzə şəxsi ehtiyat üçün nəzərdə tutulub və büdcənin 10 faizini təşkil edir. Bu yığımdan iri alış-veriş üçün – məsələn, plazma televizoru, yaxud avtomobil almaq üçün istifadə edə bilərsiniz. Bu, daim doldurulmalı olduğunuz rezerv fondunuzdur.
Altıncı kuzə isə xeyriyyəçilik və hədiyyə sahəsinə yönəldilir və büdcənin 5 faizidir. Bu kateqoriyada ad günü, toy və sair bayramlar üçün hədiyyələrə nəzərdə tutulan xərclər yer alır.
Topdan alış-veriş, iş yerinə evdən yemək aparmaq və…
“Business Insider” saytının araşdırmasında isə qənaətin daha praktik üsulları yer alıb. Onlara nəzər yetirək:
1. Evdə yemək hazırlayın. Axşam yeməyini restoran-kafedə yemək sizin məsrəflərinizi artırır.
2. Soyuducu və meyvə-tərəvəz qablarınızı tez-tez təmizlıyin. Bir kənara qoyub unutduğunuz ərzaqları daha sonra çox “gizli” köşələrdən tapa bilərsiniz.
3. Sistemli olaraq satın aldığınız, ehtiyacınız olan məhsulları topdan almaqla qənaət etmiş olacaqsınız.
4. Təzə məhsullar, tərəvəzlər olduğunu nəzərə alıb, konservləşdirilmiş məhsullar almayın. Onlar daha baha qiymətə olur.
5. İş yerinə evdən yemək aparın. Bu halda nahar məsrəflərini yarı-yarıya azalda bilərsiniz.
6. Kiçik butulkada su almayın. Onun əvəzində evə iri qablarda su alın və onu kiçik butulkaya dolduraraq gündəlik istifadə edin.
7. Aylıq xərclərinizi yazılı şəkiıdə təqib edərək nəyə boş yerə pul xərclədiyinizi tapa bilərsiniz.
8. Özünüzə hədəf qoyun. Müəyyən zaman kəsimi üçün özünüzə hansısa məbləğ çərçivəsində pul yığma hədəfi qoysanız, pulunuzu lazımsız şeylərə xərcləməkdən də qaçmış olacaqsız.
9. Keyfiyyətli mal alın. Hər 6 ayda bir ucuz bir ayaqqabı almaq yerinə keyfiyyətli, amma bir qədər baha olan ayaqqabı almaq daha məqsədəuyğun olacaq.
10. Pul yerinə zamanla düşünün. Əgər saatda 5 manat qazandığınız bir işdə işləyirsinizsə, heç vaxt bir stəkanı 5 manat olan kofe almayın. Bu halda özünüzə təlqin edin ki, sizin bir saatlıq işiniz 1 stəkan kofeyə bərabərdir.
11. Əyləncə xərclərinizi azaldın. Kefiniz üçün etdiyiniz xərcləri topdan kəsmək yerinə onları bir qədər sərhədləndirin. Məsələn, həftədə bir dəfə kinoya gedirdinizsə, bundan sonra ayda bir dəfə gedin.
12. Maaşınızın yarısını kənara qoyun. Bununla da qənaət sisteminə daha çox alışmış olacaqsınız.
13. Kartınızın minimum borcu yerinə bütün borcunu ödəyərək, faiz ödəməkdən qurtula bilərsiniz.
14. İnternet hesabınız vasitəsilə bütün kommunal xərclərinizi avtomatik ödəyin. Bununla da gec ödəmə cəzalarından, faizindən qurtulmuş olacaqsız.
15. 50 manatdan daha bahalı bir məhsulu satın almadan öncə iki gün gözləyin. Bu müddətdə fikrinizi dəyişdirə bilər və ya məhsulu tamamən unuda bilərsiniz.
16. Cib telefonunuzun tariflərini dəyişdirin və daha az pul xərcləyin. İnternet sizə ancaq işdə lazım gəlirsə, internet paketi ləğv edin.
17. Kitab və DVD satın almaq yerinə kitabxanalara getmək daha məqsədəuyğundur. Bu halda pul ödəmədən mütaliə zövqü yaşamaq mümkündür.
18. İkinci əl əşyalar alın. Xüsusən də geyimlərinizi ikinci əl mallar satılan dükandan seçsəniz, xeyli qabağa düşmüş olacaqsınız.
19. İnvestisiya qoymağı öyrənin. Əlinizdə lap kiçik miqdarda pul olsa belə, bunun sizə gəlir gətirəcəyini unutmayın
Bunlar uğursuz qənaət sayılır
Amma bəzən uğursuz qənaət ciddi pul itkisinə də səbəb olur. Necə deyərlər, mən o qədər varlı deyiləm ki, ucuz əşyalar alım. O halda nəyə, necə qənaət etməyək ki, sonucda işdən zərərli çıxmayaq?
Bizim hər birimiz sərfəli alış-verişi o qədər də böyük pullar hesabına etmədən, maksimal dərəcədə yüksək keyfiyyət əldə etməyə çalışırıq. Amma bəzi hallarda ucuzluğa o qədər də meyl etmək olmaz. Əgər ucuzdur deyə həvəslə aldığınız əşya gözlədiyinizdən də qısa müddətə sıradan çıxırsa, ya da sərfəli olduğunu düşündüyünüz məhsulun keyfiyyəti sizi yanıldırsa, əmin olun ki, bu halda qənaət uğurlu çıxış yolu olmayıb. Ondansa daha bahalı, amma keyfiyyətli əşyalara meyl etmək vacibdir.
Musavat.com xarici mətbuata istinadən qənaət etməməli olduğunuz 10 nəsnə barədə dosye hazırlayıb. Onların içində qida məhsulu da var, yemək məhsulu da…Siyahıya diqqət edək:
Tualet kağızı
Keyfiyyətli, amma bir qədər bahalı qiymətə satılan tualet salfetkalarından fərqli olaraq, ucuz nümunələr insanı əziyyətə salır. Daha nazik və tez sıradan çıxan olduğu üçün onları bir neçə dəfə qatlamaq lazım gəlir. Rulon olduqca tez qurtarır, qənaət arzuları isə havada qalır. Çünki bu halda ehtiyat üçün saxlanan tualet kağızlarından daha sürətlə istifadə etmək lazım gəlir. Nəticədə isə baha deyib, arzuedilməz saydığınız kağıza ödəyəcəyinizdən daha artığını ucuz və keyfiyyətsiz tualet kağızı üçün ödəmiş olursunuz. Eyni strategiya kağız dəsmallar üçün də keçərlidir. Ucuzlar az qala əldə ovxalanır, səni daha çox kağızdan istifadəyə məcbur edir. Bu da qənaət arzularını puça çıxarır.
Yataq üzü dəsti
İnsanın özünü yaxşı hiss etməsi üçün heç şübhəsiz ki, keyfiyyətli yuxu şərtdir. Yuxunun keyfiyyətini şərtləndirən məqamlardan biri də heç şübhəsiz ki, yataq dəstinin rahatlığıdır. Düşünün ki, nədən hazırlandığı bilinməyən, amma ucuz olan yataq üzü dəsti alsanız da, onun tez bir zamanda tiftiklənməsi sizdə noxud dənələrinin üstündə yatırsınız təəssüratı yaradır. Bu isə bir çox hallarda insanda yuxusuzluq, beldə ağrı kimi problemlər yaradır. Buna görə qənaət etməyə dəyərmi?
Qida məhsulları
Təbii ki, insanlar öncə malın qiymətinə baxandan sonra onunla bağlı fikir yürüdürlər. Hətta bahalı məhsula meyl edənlərin psixologiyasını açan bir çox psixoloji testlər də həyata keçirilib. Amma bir çox hallarda ucuz qida məhsulları ciddi xəstəlik mənbəyi də sayıla bilər. Məsələn, ucuz, amma keyfiyyətsiz yağ orqanizmdə nə fırtınalar qoparır, xəbəriniz var yəqin ki. O cür yağların insanın mədə-bağırsaq sisteminə vurduğu ziyanın aradan qaldırılma prosesi, yəni, ən optimist halda müalicəsi(biz əməliyyatdan danışmırıq) olduqca böyük pullar hesabına başa gəlir. Bir çox qida məhsullarının ucuz, amma keyfiyyətsiz versiyasının olduğunu düşünəndə də qənaət üçün bu bəndi yaddan çıxarmalıyıq – qidadan qənaət olmaz.
Təkər
Maşın sahibləri üçün bu, olduqca ciddi kateqoriyadır. Bəli, biz təkər seçəndə məcburən ən keyfiyyətlisini seçirik. Çünki bu, maşınımızın ayaqqabısı deməkdir və ona həssaslıqla yanaşmalıyıq. Təbii ki, bu məsələdə qənaət ciddi məbləğin büdcəyə daxil olması deməkdir. Amma təhlükəsizliyinizi də unutmamalısız. Səfərlərin böyük baş ağrısına çevrilməməsi üçün etibarlı təkərlər seçmək zorundasız. Texniki göstəricilərə uyğun təkərlərin seçimi sizi yolda yaranacaq ciddi problem və məsrəflərdən qoruyacaq.
Qış ayaqqabısı
Ucuz qış ayaqqabısı və ya çəkmələri birbaşa göz yaşı səbəbidir. Hətta onları alanda sizə su keçirmədiyi, ayağı tərlətmədiyi, qoxu yaratmadığı vəd edilsə də, buna inanmayın. İstisnasız olaraq keyfiyyətli ayaqqabı seçin. O, hətta bahalı da olsa tərəddüd etməyin. Çünki ayaq rahatlığı insanın gün boyu əhvalını şərtləndirən əsas məqam sayılır. Bundan başqa, mövsüm sonlarında bahalı, amma keyfiyyətli ayaqqabıları böyük endirimlərdə əldə etmək mümkündür. Doğrudur, bunun üçün uzunmüddətli axtarış lazımdır. Amma nəzərə alın ki, bunu hər il etməyə də bilərsiz. Çünki keyfiyyətli qış ayaqqabısı, çəkmələr, botinkalar bir neçə il sizə yol yoldaşlığı edə bilər. Amma ucuz, keyfiyyətsiz ayaqqabılar sizi mövsümün ortasında da yarı yolda qoya bilər. Nəticədə siz bir mövsümdə iki çəkmə almaq zorunda qala bilərsiz ki, bu da xəsisin iki dəfə xərcə düşməsi hekayəsini təsdiqləmiş olar.
Qabyuma vasitələri
Bəli, mətbəx məsrəfləri də ailə büdcəsinin çox böyük bir hissəsini təşkil edir. Amma burada da ucuza qaçmaq olmaz. Daha az su, daha az yuyucu vasitə ilə mətbəxdə qənaət etmək istəyənlər çox vaxt yanılırlar. Məlum olur ki, yaxşı nəticə üçün qabı çox təmiz yumaq lazımdır. Amma nəticə belə olur ki, yuyucu vasitə tez bitir, bizsə mağazaya yeni yuyucu vasitə üçün qaçırıq. Halbuki onu alanda istifadə müddətini də az-çox təxmin etmişdik. O zaman bu nəticə niyə belə oldu? Odur ki, yaxşı qabyuma vasitəsi əldə etmək üçün nisbətən böyük məbləğ ödəmək lazımdır. O halda mağazaya da yolunuz daha az düşər.
Məişət texnikası
Gedirik, baxırıq və məişət texnikası məhsullarının bir-birindən fərqli nümunələri ilə qarşılaşırıq. Təbii ki, onların qiyməti də fərqlidir. Əgər siz özünü doğrultmamış, amma məhsulu ucuz olan bir firmanın mallarına meyl edirsinizsə, bunun acı nəticəsi ilə də qarşılaşacaqsız. Tez-tez təmir, usta xərclərini ilk gündən göz önünə almalısız. Bundan başqa, qısa bir müddət sonra onun sıradan çıxacağı da istisna deyil.
Sevinc TELMANQIZI