Son günlər qaz sayğaclarından şikayətlər artmaqdadır.
Son günlər qaz sayğaclarından şikayətlər artmaqdadır.
AFN xəbər verir ki, vətəndaşlar sayğaclarının tez-tez koda düşməsindən, mənfiyə yazmasından gileylənirlər. Bəzi hallarda “Azəriqaz” İB-nin vətəndaşları sayğacı mənfiyə yazdığı üçün cərimələməsi haqda da məlumatlar səslənir. Bildirilir ki, qurum əməkdaşları məlumatsız insanları sayğaca müdaxilə adı ilə cərimə edirlər. Halbuki sayğacların koda düşməsi, mənfiyə yazması kimi problemlər alətlərin özündəki nasazlıqla bağlıdır. Bu barədə redaksiyamızı bilgiləndirən mənbə ilginc məlumatlar verib.
Həmin məlumatlara keçməzdən öncə “Azəriqaz”ın sayğaclaşma prosesi ilə bağlı beynəlxalq audit şirkətinin hesabatında əksini tapan məqamları xatırladaq. Məlum olduğu kimi, bir müddət öncə ölkə mediasında “Ernst and Young” beynəlxalq audit şirkətinin SOCAR-ın sifarişi ilə bu şirkətin tərkibinə daxil olan “Azəriqaz” İstehsalat Birliyində apardığı auditin nəticələrinə dair qapalı sənəd yayılıb. Mediada bəzi məqamları dərc olunan sənəddə önəmli məsələlərdən biri də sayğacların alınması ilə bağlıdır. Audit hesabatında bildirilir ki, “Azəriqaz” İstehsalat Birliyi SOCAR-ın satınalmalarla bağlı təlimatına məhəl qoymayaraq mal-material resurslarını açıq tenderlərdə deyil, qapalı tenderlərdə, bazar qiymətindən baha alır. Üstəlik, belə tenderlərə birbaşa istehsalçı şirkətlər yox, hansısa vasitəçilər buraxılır. Sayğacların alınmasında şişirtmə isə daha yüksək həddədir. Belə ki, sayğacların faktiki satınalma qiymətləri onların bazardakı analoqlarının qiymətini orta hesabla 72 faiz aşır. Audit nəticələrinə əsasən 2015-ci və 2016-cı illərdə mexaniki və smart sayğacların satın alınmasına dair tenderlərin hamısı qapalı keçirilib, bu tenderlərə məhdud sayda iştirakçı buraxılıb. Nəticədə alınan sayğacların qiymətləri “şişib”. Audit şirkəti göstərir ki, “Azəriqaz” sayğacların alınmasına dair tenderlər keçirərkən MDB ölkələrinin, Çin və Türkiyənin daha ucuz sayğaclarını nəzərdən keçirmir.
Audit zamanı o da məlum olub ki, “Azəriqaz”ın milyonlarla manat xərcləyib şişirtmə qiymətlərlə aldığı qaz sayğacların böyük əksəriyyəti hazırda yararsız vəziyyətdədir. “Müntəzəm yoxlamalar nəticəsində müəyyən edilib ki, yoxlanılan sayğacların cəmi 6 faizi sonrakı istismar üçün yararlıdır. Belə ki, “Goldcard” sayğaclarının qarantiya müddəti satın alındığı tarixdən etibarən 12 aydır, “İtron” və “Elster” sayğaclarının qarantiya müddəti isə 18 aydır”-audit hesabatında deyilir.
“Ernst and Young” tövsiyə edir ki, “Azəriqaz” sayğac təchizatçılarını dəyişdirməli, qiymət baxımından daha sərfəli variant təklif edən təchizatçıları seçməlidir. Habelə sayğacların alınmasına dair tenderlər açıq keçrilməlidir. Hesablamalara görə, sayğacların real bazar dəyərinə alınması hesabına ildə 12.5 milyon manat iqtisadi effekt əldə oluna bilər. Əkbər Hacıyevin köhnə və yeni işçisini sayğaclaşma prosesi ilə nə bağlayır?
AFN-i məlumatlandıran mənbənin verdiyi bilgiyə görə, sayğacların alınmasını “Azəriqaz” İB-nin kadrlar şöbəsinin rəisi Narxanım Səmədovanın oğlu və qardaşı oğlanları həyata keçirir: “Narxanım Səmədova əvvəllər “Azəryanacaq”da işləyib. Sonra Əkbər Hacıyevlə “Azərneftyağ”da birlikdə işləyiblər. Orda da kadrlar şöbəsinin rəisi idi. Əkbər Hacıyev “Azəriqaz”a keçəndə Narxanım Səmədovanı da özü ilə İB-yə gətirdi”.
Yazımızın bu məqamında “Turan” İA-nın bir müddət əvvəl “Sayğacları hansı şirkət quraşdırır?” sualı ətrafında apardığı araşdırmadan bir qeydi zəruri hesab etdik. Reallıqda qaz sayğaclarının quraşdırılması, texniki şərtin verilməsi qiyməti neçəyədir, abonentə neçə manata başa gəlir və bu işi hansı şirkət yerinə yetirir? Agentlik əməkdaşı bu suallara cavab tapmaq üçün abonent kimi ASAN Xidmət Mərkəzinə üz tutub yeni tikilən evə qaz sayğacı quraşdırmaq istədiyini bildirib. Adı çəkilən mərkəzdən üzərində “SOCAR” yazılmış bildiriş vərəqi verilib. Bildiriş vərəqində yazılır ki, “Əhali və qeyri- əhali abonentlərinin fərdi qazlaşma ilə bağlı bütün müraciətlərinin “Azəriqaz” İstehsalat Birliyinin baş podratçı şirkəti olan “Azəriqaz Layihə İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlandırılması tövsiyyə olunur”. Sənəddə “Azəriqaz Layihə İnşaat” MMC- nin ünvanı və telefon nömrələri yazılıb.
Məlumat üçün bildirək ki, əhalinin və qeyri- əhalinin qazlaşdırılması yaxın dövrə qədər 50-yə yaxın MMC tərəfindən həyata keçirilib. İndi isə bu şirkətlərin funksiyasını “Azəriqaz” İstehsalat Birliyinin baş podratçı şirkəti olan “Azəriqaz Layihə İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti təkbaşına həyata keçirir. Amma aparılan araşdırmalardan aydın olur ki, adı çəkilən MMC haqqında dövrü mətbuatda və internet resurlarında hər hansı məlumat yoxdur və təşkilatın saytı mövcud deyil. Digər tərəfdən adı çəkilən MMC-nin hansı şəkildə, hansı tender əsasında seçilib bu işə cəlb olunduğu da məlum deyil.
Çox güman ki, cəmiyyət üçün heç bir məna və anlam ifadə etməyən, tanınmayan “Azəriqaz Layihə İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti də rəhbərliyə və ya digər yüksək vəzifəli şəxsə mənsub olan şirkətdir.
1 aylıq MMC-yə böyük həcmdə iş necə verilib?
AFN olaraq apardığımız araşdırma zamanı isə məlum oldu ki, adıçəkilən MMC ötən ilin dekabrında yaradılıb. Vergilər Nazirliyinin vergiödəyiciləri ilə bağlı məlumat bazasında göstərilir ki, “Azəriqaz Layihə İnşaat” MMC 19.12.2016-cı ildə dövlət qeydiyyatına alınıb. Qeydiyyat ünvanı Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi, ev 22, mənzil 50 olan MMC-nin qanuni təmsilçisi Qəhrəmanov İxtiyar Güləhməd oğludur. Elə buradaca bir ehtimalı qeyd etmək yerinə düşər: İ.Qəhrəmanovun SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanovun yaxın qohumu olması mümkündür. Azərbaycan reallıqlarında bu cür hallara tez-tez rast gəlinir. AFN olaraq da rəsmi tender məlumatları arasında apardığımız araşdırmalar zamanı müxtəlif məmurların öz yaxınlarının adına MMC-lər, şirkətlər yaradaraq keçirdikləri tenderlərdə qalib etmələri hallarına çox rast gəlmişik.
Qeyd edək ki, “Turan”ın araşdırması bu ilin fevralında internet resurslarında yerləşdirilib. Görünən odur ki, yaranmasından 1 ay keçər-keçməz bu MMC-yə böyük həcmli iş həvalə edilib. Bu isə qurumun hansısa yüksək vəzifəli şəxsə bağlılığı haqda iddiaları doğrulayan faktlardan biri kimi qeyd edilə bilər.
Agentliyin əməkdaşı ASAN Xidmətdən verilən bildirişdə qeyd edilən “Azəriqaz Layihə İnşaat” MMC-in telefon nömrəsinə zəng edib qaz sayğaclarının quraşdırılması üçün qiymətləri öyrənib. Bildirilib ki, adı çəkilən MMC 15- 20 gün ərzində qaz sayğacının quraşdırılmasını həyata keçirir, 1 ay ərzində bütün işlərini tamamlayır. Bunun üçün abonent sayğacın quraşdırılması, layihələndirmə və texniki şərtin verilməsi üçün 262 manat, tənzimləyici qurğunun qoyulması üçün isə 35 manat pul ödəməlidir. Əlavə olaraq ustaya da “hörmət” edilməlidir. Bu işlər və çəkilən xərc yalnız sayğacın şəbəkəyə quraşdırılmasına qədər olan iş və xərcdir. Sayğacdan sonra evə qaz çəkilişi isə abonentin öz hesabına həyata keçirilir.
Bütün araşdırmaların sonu dövlət vəsaitlərinin mənimsənilməsinə aparıb çıxarır. Bunu tək biz yox, beynəlxalq audit şirkəti də deyirsə, deməli, kimlərinsə öz vəzifəsilə vidalaşmasının vaxtıdır…