Eyyub Hüseynov: “Dəfələrlə deyilsə də, ölkədə anti-inhisar məcəlləsi qəbul edilmir, məmurlar qanuna zidd olaraq bizneslə məşğul olurlar və bu da bazarın monopoliyada olmasına səbəb olur”
Eyyub Hüseynov: “Dəfələrlə deyilsə də, ölkədə anti-inhisar məcəlləsi qəbul edilmir, məmurlar qanuna zidd olaraq bizneslə məşğul olurlar və bu da bazarın monopoliyada olmasına səbəb olur”
“Təəssüflər olsun ki, biznes qurumları üçün ölkə başçısı tərəfindən rahat şərait yaradılsa da, onlar bundan sui-istifadə edirlər və ölkənin əmtəə bazarında inhisarçılığın yaranmasına şərait yaradırlar.”.
Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Azərbaycan iqtisadiyyatında monopoliyanın rolunu şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.
Kərə yağının kəskin bahalaşması son günlər ən çox müzakirə olunan məsələlərdən biridir. Bəziləri kərə yağının bahalaşmasına görə hansısa inhisarçıları günahlandırırlar. Lakin Dövlət Gömrük Komitəsi ölkəyə kərə yağının idxalında inhisarın olmadığını açıqlayıb və bahalaşmanın dünya bazarında kərə yağının qiymətinin kəskin artması ilə izah edib. Hökümət və əlaqədar dövlət qurumları bildirirlər ki, davamlı olaraq monopoliyaya qarşı mübarizə aparırlar. Hətta ölkəyə yağ gətirən şirkətlər də qiymətlərin artmasını dünya bazarındakı vəziyyətlə əsaslandırıblar. Lakin buna baxmayaraq, yağın qiymətinin kəskin artmasından sonra monopoliya yenidən əsas gündəm mövzulardan birinə çevrilib.
Bahalaşma təkcə yağla əhatələnmir. Bir neçə gün öncə Xəzər TV-nin yaydığı məlumatda isə bildirilir ki, son günlər pendirin qiymət artımı 30-40% civarında olub. Eyni zamanda digər süd məhsullarının da qiymətində artım olub. Satıcılar bildiriblər ki, süd məhsullarının qiymətinin artmasına səbəb heyvan yemlərinin və südün bahalaşmasıdır. Rayon bazarlarında da təxminən 30-40% bahalaşma nəzərə çarpır. Burda da satıcılar qiymət artımını həm yemin həmdə satın alaraq pendir hazırladıqları südün bahalaşması ilə əlaqələndirirlər. Kənd Təsərrüfatı Nazirlyindən isə bildirildi ki, indi kifayət qədər yem ehtiyatı var. Lakin südün az olduğu bir mövsümdür. Bu səbəbdən də pendirin cüzi bahalaşması normaldır. Dekabr ayından etibarən isə qiymətlərin aşağı düşəcəyi gözlənilir.
Digər ərzaq növlərinin də bahalaşması demək olar ki, mütəmadi olaraq davam edir. Sentyabrda Bakıda Turan Agentliyinin tərtib etdiyi 30 əsas ərzaq növündən ibarət istehlak səbətinin qiyməti orta hesabla 5,4% bahalanıb.
Heç kimə sirr deyil ki, artıq bəzi zəruri ərzaq malları böyük əksəriyyət istehlakçılar üçün əlçatmaq olmağa başlayıb. Qəribədir ki, qonşu İranda və Gürcüstanda xaricdən gətirilən ərzaq malları Azərbaycandan iki dəfə, bəzən isə 3 dəfə ucuzdur. Ermənistanda da qiymətlərin Azərbaycana nisbətən kifayət qədər ucuz olduğu bildirirlir. Bəzi ekspertlər belə hesab edirlər ki, Azərbaycan iqtisadiyyatının inkişafının əsas problemi və qiymət artımının səbəbi ölkədə monopoliyanın mövcud olması ilə bağlıdır. Monopoliya olmazsa, qiymətlərin İran və Gürcüstan da olduğu kimi ucuz olması və bütün istehlakçılar üçün zəruri ərzaq mallarının əlçatımlı ola biləcəyi qeyd olunur.
Azərbaycan höküməti monopoliyaya qarşı təsirli addımlar atırmı və monopoliyanı zəiflətmək üçün atılacaq ilk addımlar hansı olmalıdır? Eyni zamanda monopoliya olmazsa, bu, Azərbaycanda iqtisadi artıma necə təsir edə bilər və düşünmək olarmı ki, qeyri-neft sektorunun inkişafını təmin etməyə mane olan əsas faktor məhz monopoliyadır?
Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikirlərini öyrənib.
Ölkə iqtisadiyyatında monopoliyanın hökmranlıq etməsinin bir sıra problemlərə yol açdığını vurğulayan Eyyub Hüseynova görə, bu halın qarşısını almaq üçün ciddi tədbirlərə ehtiyac var:
“2011-ci ilin 16 yanvar tarixindən ölkə prezidenti İlham Əliyev bütün dövlət qurumlarına müraciət edərək bildirib ki, ölkənin əmtəə bazarında inhisarçılıq və qiymətlərin sövdələşdirilməsi halları var. Prezident bu cür halların qarşısının alınması üçün dövlət qurumları qarşısında tapşırıq qoymuşdu. Lakin təəssüflər olsun ki, biznes qurumları üçün ölkə başçısı tərəfindən rahat şərait yaradılsa da, onlar bundan sui-istifadə edirlər və ölkənin əmtəə bazarında inhisarçılığın yaranmasına şərait yaradırlar.
Bunun ən bariz nümunəsi odur ki, dünya bazarında hansısa bir məhsulun qiyməti qalxanda ölkəmizdə də dərhal qalxmasıdır. Lakin məhsulun qiyməti aşağı düşəndə Azərbaycanda qiymət aşağı düşmür. Bu, Azərbaycanın əmtəə bazarının inhisarçı qurumların əlində olmasını göstərir.
Artıq 8 ildən çoxdur ki, dəfələrlə deyilsə də, dəfələrlə bu məsələ qaldırılsa da, ölkədə anti-inhisar məcəlləsi qəbul edilmir, məmurlar qanuna zidd olaraq bizneslə məşğul olurlar və bu bazarın monopoliyada olmasına səbəb olur. Eyni zamanda baş verən proseslərdən biri də istehlakçıları hüquqlarının pozulması olur.
İqtisadçı Adam Smit deyib ki, monopoliya istehlakçının başını kəsən bıçaqdır. Azərbaycan bazarında bu vəziyyət hökm sürür. Bu işə cavabdeh olan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti 140-dan çox ştatla doqquz mərtəbəli binada oturub, guya inhisarçılığaqarşı mübarizə aparır. Lakin həqiqət budur ki, heç bir iş görmürlər və ölkə prezidentinin əhəmiyyətli tapşırıqlarını icra etmirlər. Sahibkarların yoxlanmasının qadağan olunduğu bir şəraitdə o qədər insan havayı maaş alır. Bu, anormal haldır.
Bir neçə il öncə ümumidünya maliyyə böhranı zamanı bütün ölkələrdə malların qiymətləri ucuzlaşdı. Lakin bu hal Azərbaycanda yaşanmadı. Guya Azərbaycan bazarı dünya bazarına inteqrasiya olunub və qlobal bazarın bir hissəsidir. Ancaq qlobal bazarın reaksiyalarına Azərbaycan bazarı adekvat cavab vermir.
Monopoliyanın qarşısını almaq üçün mütləq şəkildə anti-inhisar məcəlləsi qəbul edilməlidir. Monopoliya ilə mübarizə aparan qurum iqtisadiyyat Nazirliyinin tərkibindən çıxarılmalıdır və müstəqil dövlət qurumu olaraq fəaliyyət göstərməlidir. Ölkə iqtisadiyyatında monopoliyanın olması qeyri-neft sektorunun inkişafına da mane olur”.