Baha qiymətə su filtrləri: mütəxəssislər “yox” deyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biz su təmizləmə və saxlama qurğularına baxış keçirdikdə məlum oldu ki, su normalara uyğun şəkildə təmizlənir. 

Biz su təmizləmə və saxlama qurğularına baxış keçirdikdə məlum oldu ki, su normalara uyğun şəkildə təmizlənir.

Bu sözləri Axar.az saytına açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Azərbaycanda içməli suyun tərkibi ilə bağlı son zamanlar əhali arasında yaranan narahatlığa toxunan Eyyub Hüseynov bildirib ki, şikayətə səbəb olan hallar su saxlama məntəqələrində sanitar normalara əməl olunmamasıdır:

“Elə Hacı Zeynalabidin Tağıyev qəsəbəsindəki son faktla bağlı da eyni şeyləri demək olar. Suyun saxlandığı yerlərdə sanitar normalara ciddi əməl olunmur, təzyiq və ya baxımsızlıq səbəbindən boruların partlaması nəticəsində evlərə bulanıq suların gəlməsi ilə bağlı faktlara rast gəlinir”. 

E.Hüseynov belə məqamdan istifadə edən və ev-ev gəzərək, baha qiymətə su filtrləri təklif edənlərə də münasibət bildirib:

“Mən öz evimdə su filtrindən istifadə etmirəm. Bu məsələdə “Azərsu”ya etibar etmək olar. Su filtrləri satanlar əslində aidiyyəti qurumun anti-reklamını aparır. Təəssüf ki, Azərsu ASC onlara qarşı anti-təbliğat aparan bu şəxslərə laqeyd yanaşır. Belə firmaların fəaliyyəti ilə bağlı bizə şikayətlər daxil olur. Hətta Ramana qəsəbəsində bir evə zorla su filtri qoyulduğu, suyun dadının dəyişdiyi və hətta zəhərlənməyə səbəb olduğu barədə bizə şikayət daxil olub”.

Azərsu ASC-nin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Anar Cəbrayıllı də quruma inanmağı tövsiyə edib:

“İçməli suyun tərkibi tam standartlara uyğundur. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi bizim su təmizləmə və saxlama qurğularında vaxtaşırı yoxlama aparır və nəzarətdə saxlanılır”. 

A.Cəbrayıllı su filtrləri, bu qurğuları evlərdə satanların testləri və suyun çox ziyanlı olmalı barədə dedikləri, beləliklə, əhalini inandırıb, baha qiymətə su filtrləri satmasına da münasibət bildirib:

“Əgər əhali rəsmi qurumlara deyil, onlara inanmaq istəyirsə, heç nə edə bilmərik. Eyyub Hüseynov aparılan anti-reklama dözümlü yanaşdığımıza görə bizi qınayır. Azərsu ASC isə bu məsələni anti-reklam kimi qiymətləndirmir. Bu insanlar mənim evimə də gəliblər. Əksər hallarda 18-20 yaş arası heç bir təhsili olmayan bu şəxslər əhalini yanlış istiqamətləndirir. Biz yalnız əhalini bu qurğulara və testlərə aldanmamağı tövsiyə edə bilərik”.