Xəzər dənizi sahillərində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən Novxanı çimərliyi ərazisində keçirilən növbəti reyd zamanı Sumqayıt-Novxanı bağlar massivində formalaşan tullantı sularının birbaşa dənizə axıdıldığı və mərkəzi kanalizasiya şəbəkəsinə birləşmədiyi müəyyən olunub.
Nazirliyin Mətbuat xidmətindən TİA.AZ-a verilən məlumata görə, faktla bağlı “Azərsu”nun Bağlar Sukanal İdarəsinin əraziyə cavabdeh şəxsi Məzahir Dərgahov barəsində protokol tərtib olunub və o vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə edilib.
Tullantı sularının dənizə axıdılmasının qarşısını almaq və çirkab suların kanalizasiya şəbəkəsinə yönəldilməsini təmin etmək məqsədilə Bağlar su-kanal idarəsinə icrası məcburi olan “məcburi göstəriş” verilib.