“Bağışlayın, o təyyarələr yerin üstündə o yana uçur, bu yana uçur , hə…?”-Arzu və ya  “Azal”a “ithaf”

“Bağışlayın, o təyyarələr yerin üstündə o yana uçur, bu yana uçur , hə…?”- Arzu və ya “Azal”a “ithaf”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Söhbət sosiskadan getmir e, adam gərək vnimatelni olsun”

5 gün əvvəl yaxın qohumum uşaqları ilə Rusiyadan gəlirdi, xahiş elədi ki, onu qarşılamağa gələk. Aeroportda yadıma düşdü ki, son illər atıq 5-6 dəfədir ki, kimisə yola salıram-qarşılayıram, amma özümün harasa getməyi nəsə nəsib olmur mənə.

Axırıncı dəfə, qayıtmağı saymasam 1995-ci ildə köhnə aeroportdan Kiyevə uçmuşam , vəssalam.

Aeroportda ağlıma həm də “Mozalan” satirik kinojurnalının “Arzu adlı məşhur süjeti yadıma düşdü.

Bəlkə də çoxlarının yadındadır o süjet. Həmin süjetdə rol olan, metroya həmişə içkili halda keçmək istəyən rəhmətlik Fazil Salayev metroda duran milisidən- Bahadur Əliyevdən soruşur ki:“Bağışlayın, orda vaqonlar yerin altında özü üçün, o yana gedir, bu yana gedir… o yana gedir, bu yana gedir…Hə? Dayanırsan pilləkənlərin üstündə, pilləkənlər səni qaldırır yuxarı-aşağı, yuxarı-aşağı, hə? ”

Milisin “bəli” cavabına da Fazil Salayev köks ötürərək deyir ki,”hamı belə deyir…”.

Milisin,”Bura bax, Bakıda neçə ildir metro işləyir, indiyədək metroya minməmisən?”sualına isə o cavab verir ki, yox, qoyursuz ki?!.

İndi içki söhbətini çıxsaq müəyyən mənada bizdə çoxları o gündədir.

Adam istəyir desin “o təyyarə yerin üstündə o yana uçur, bu yana uçur , hə…?”

Amma heç kimi səni buraxmayacaq elə-belə təyyarəyə o süjetdə kimi.

Düzdür, indi yol açıqdır pulun var uç get. Amma iş də orasındadır ki, imkan olmur illərlə.

Mənim ən çox getməyə arzuladığım yer qardaş Türkiyə olub. Amma heç vaxt bu yaşacan çox sevdiyim Türkiyədə olmamışam. Ümumiyyətlə Azərbaycanda çox adam imkansızlıqdan burdan –bura Türkiyəyə, Gürcüstana və ya harasa istirahətə, səyahətə gedə bilmir. Adi dolanışığını güclə təmin edən hara və necə getsin?! Amma burda “Azal”ın da böyük günahı var. Çünki “Azal”ın biletləri çox bahadır.

Necə olur yaxın Gürcüstandan Avropaya çox ucuz- 30-40 dollara uçuşlar olur, bizdə isə ancaq 10 qat baha olur?! Adi gedib-gəlməyə təkcə, məsələn Türkiyəyə yol pulu 1000 manat edir. Halbuki loukosterlər -qənaətli aviaşirkətlərin burda işləməsinə imkan verilsəydi və ya “Azal” heç olmasa qardaş ölkəyə biletləri özü ucuz, məsələn, 50-100 manata etsəydi əksəriyyət ömründə heç olmasa bir dəfə xaricə gedərdi. Ucuz et, hamı uçsun da… Lap kampaniya edib belə ad qoymaq da olar: “Ucuz etdik, hamı qardaş ölkəyə gedə bilsin” .

Amma bir tərəfdən fikirləşirsən ki, mən nəyi qoyub, nəyi axtarıram,camaat 60 manat verib heç Naxçıvana düz-əməlli gedə bilmir… Quru yol da bütün dünyada açıq olsa da bizdə bağlıdır…

Amma sonra fikirləşirəm , “Azal”ı tənqid etməyən bir mən qalmışdım, mən də etdim, amma heç bir xeyri olmayacaq.Çünki elə bil divara deyirsən… Çünki “Azal” da özbaşına deyil… Həm də monopoliya yaxşı gəlir gətirir . Neyniyirlər axı, camaat yararlansın, ömründə bir dəfə də olsa harasa gəzməyə getsin, başqa ölkələri görüb gözü açılsın, nəsə öyrənsin, müqayisə etsin, normal ölkəyə emiqrasiya etsin…. Düzdür, məsələ nə olursa- olsun harasa getməkdən getmir. Demək olar ki, kimsə çox istəyirsə borc, kredit götürüb gedə bilər xaricə istirahətə rahatca.

Hətta harasa gedib gəzmək xoşbəxtlik demək deyil hələ. Heç yerə getməsən də faciə olan deyil . Bir məşhur köhnə filmimizdə deyildiyi kimi, “Söhbət sosiskadan getmir e”, dövlətin vətəndaşına qarşı “vnimatelni” olmasından, insanın istirahət hüququnun da olmasından, bu maaş, pensiya ilə xaricə gəzməyə getmək bir yana qalsın, heç normal yaşamağın mümkün olmamasından gedir.

Adam təkcə təkcə çörəkpulu qazanmaq üçün, kommunal xərcləri ödəmək üçün yaşamır ki… Ömrü boyu işləmək üçün yaşamamalıdır insan normalda.

Onu da deyim ki, aeroportda olduğum 1 saat ərzində burda çox neqativ hallar müşahidə etdim. Aeroport zahirən çox gözəl olsa burada xidmət elə də ürəkaçan deyil. Ən azından bəzi əməkdaşların vətəndaşlara çox soyuq davranmasının, hətta bilet almaq istəyəndə cavab belə vermək istəməməsinin, girişdə hətta kobud münasibətin şahidi oldum.

İmran Kərimli