Ana Vətən Partiyasının son qurultayı qalmaqalla yadda qalıb. Azərbaycan tarixində Azərbaycan Sosial Demokrat Partiyasından sonra ikinci dəfə qurultayda ailə üzvləri arasında gərginlik yaşanıb.
Belə ki, keçmiş deputat Fəzail Ağamalı partiya sədrliyindən istefa verdiyini açıqlayıb və qızı, deputat Günay Ağamalının namizədliyini irəli sürüb. Lakin oğlu Elçin Ağamalı bununla razılaşmayaraq öz namizədliyini təqdim edib. Günay Ağamalının qurultayı tərk etməsindən sonra Elçin Ağamalı partiyanın sədri seçilib. Qarşı tərəf nəticələri qəbul etməyib və Fəzail Ağamalı 2029-cu ilə qədər sədrliyini davam etdirdiyini bildirib.
Bu və digər məsələlər barədə Elçin Ağamalı Tribunainfo.az-ın suallarını cavablandırıb.
– Rəsmi olaraq sədr seçildiniz. Qarşı tərəf bunu qəbul etmir. Növbəti addımlarınız nədən ibarət olacaq?
– Bəli, qurultayın nəticələrinə əsasən mən sədr seçilmişəm. Məsələlərin hüquqi həllini tapması üçün fəaliyyətimizi davam etdiririk.
– Sonuncu dəfə partiya daxilində ailə qalmaqalı Zərdüşt və Araz Əlizadə qardaşları arasında yaşanmışdı. Sizdə də oxşar vəziyyət davam edə bilərmi?
– Bu, Azərbaycan reallığıdır ki, qohum şəxslər bir partiyada təmsil olunublar. Burada qəbahət görmürəm. Əlizadə qardaşları, Müsavat Partiyasında Hacılı qardaşları kimi nümunələr var. Məncə, doğmaların bir partiyada olması təbii haldır.
– Bacınızın partiyanı tərk etməsinə münasibətiniz necədir?
– Günay xanım partiyada nüfuzlu funksionerlərdən biridir, tərəfdarları da var. Onun sədr kimi dəstəklənməsi təbiidir. Lakin gedişat bizi qane etmir. Hər şeyin hüquqi müstəvidə həllinə çalışacağıq.
– Atanız niyə sizə etimad göstərmir?
– Atamın mənə niyə etimad göstərmədiyini deyə bilmərəm. Bu, mənim üçün də qaranlıqdır. Günay xanımla birgə fəaliyyət göstərməyə gəlincə, onu gələcəkdə rəhbər vəzifələrdə görmək istəyirəm. Onun partiyadan çıxarılması məsələsini düşünmürəm. Hesab edirəm ki, yekunda bacım da, atam da məni qəbul edəcək.
Söhbətləşdi: Dəniz Pənahova










